Newscenter.az.25.11.2019. Bakıda mərhum akademik Yaqub Hacıyevin və professor Nəriman Şirinovun 90 illik yubileylərinə həsr olunmuş “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfransı keçirilir.
Newscenter.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən alimlər, mütəxəssislər, quşçuluq və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri, menecerləri, sahə və rayon həkimləri iştirak edir.
Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.
Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli baytarlıqla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərə daim ehtiyacın olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin müxtəlif istiqamətlərdə elmə maraq göstərməsi bu sahələrdə davamlı uğurları təmin edir.
Tədbir kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərinin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib.
Orxan