Newscenter.az.5.12.2019. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 05 noyabr 2019-cu il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib.
Newscenter.az-a daxil olan məlumata görə, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Zaur