Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri səmərəli dialoq və məhsuldar görüşlərlə yadda qaldı. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması əlamətdar tarixi hadisə - daha bir ilk və növbəti mühüm nailiyyət kimi milli dövlətçilik tariximizin önəmli bir səhifəsinə çevrildi.
Səfərin nəticələri bir sıra mühüm reallıqları ifadə edir:
- Bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında çoxşaxəli əlaqələr dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu gün Azərbaycan-Çin münasibətləri aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığına çevrilib;
- Qarşılıqlı səfərlər səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca önəmlidir;
- YAP ilə ÇKP arasında əməkdaşlıq memorandumunun imzalanması əlamətdar tarixi hadisə olmaqla qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirir, yeni imkanlar və perspektivlər yaratmaqla dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına, prioritetlərin reallaşdırılmasına – ortaq hədəflərin gerçəkləşməsinə təkan verir;
- İstər Azərbaycan, istərsə də Çin müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara hörmət prinsipinə əsaslanan ədalətli və çoxqütblü siyasi nizamın tərəfdarıdır. Multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyaya üstünlük və böyük əhəmiyyət verən, beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyən və ikili standartları rədd edən ölkələrimiz müstəqil, prinsipial və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər;
- Qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir;
- Bir sıra Qərb ölkələrinin müstəqil siyasət yürüdən dövlətlərə qarşı ikili standartlara əsaslanan qərəzli siyasətinin beynəlxalq təhlükəsizlik və əməkdaşlığa təhdid yaratması hallarına qarşı qətiyyətli mübarizə aparılması diqqət mərkəzindədir;
- YAP nümayəndə heyətinin iştirak etdiyi Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqu Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsi aparmaqla yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platformadır. Xüsusilə nəzərə almaq lazımdır ki, xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada dayanıqlı sülh, etibarlı təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsi geosiyasi zərurətə çevrilib;
- Hər iki ölkədə gənclərlə siyasi-ideoloji iş dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verilir. Bu istiqamətdə aidiyyatı təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılması mövcud reallıqlar və çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir.
Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyasının mətbuat və informasiya idarəsinin rəhbəri