Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sülhün, quruculuğun və həmrəyliyin yeni memarı rolunda çıxış etdiyini göstərir

Azərbaycanın sülhün, quruculuğun və həmrəyliyin yeni memarı rolunda çıxış etdiyini göstərir


Azərbaycan illərin sınağından çıxmış çoxvektorlu, geniş vizyonlu xarici siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopengahen sammiti və Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Zirvə Görüşünün ardınca, oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməsi bir daha onu göstərir ki, rəsmi Bakının çoxşaxəli, tarazlaşdırıcı xarici siyasət kursu hazırkı qlobal xaos dövrü üçün ən optimal xəttdir. Bir-birindən tam fərqli formatlı bu sammitlərdə Azərbaycanın xüsusi diqqət mərkəzində olması ölkəmiz üçün yeni əməkdaşlıq dövrünün başlanması anlamına gəlir.

Dövlətimizin başçısının MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər həm Azərbaycan–Tacikistan münasibətlərinin dostluq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf etməsinin təsdiqi baxımından, həm də Azərbaycanın MDB məkanında mədəni və humanitar əməkdaşlığın fəal təşəbbüskarı olduğunu nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər səmərəli və ardıcıl inkişaf edir. O, bu münasibətlərin qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslandığını və eyni zamanda, böyük inkişaf potensialına malik olduğunu bildirdi. Belə ki, humanitar, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya sahələrində ikitərəfli əlaqələrin inkişafı üçün həqiqətən də olduqca geniş imkanlar var.

Cənab Prezidentin Düşənbə sammitindəki çıxışı Azərbaycanın MDB məkanındakı yeri və rolunu göstərmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çıxış Azərbaycanın həm MDB çərçivəsində, həm də bütövlükdə postsovet məkanında rolunun yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bəli, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan hazırda bütövlükdə MDB məkanında sabitlik və təhlükəsizliyin, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığın, regional və qlobal həmrəyliyin təşəbbüskarı kimi çıxış edir.

Prezident İlham Əliyev Düşənbə sammitində həmçinin humanitar diplomatiyaya və ictimai-mədəni sahələrdə əməkdaşlığa toxunaraq, bu ilin iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirilməsi və sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində III MDB Oyunlarının baş tutması barədə danışdı. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı qərara görə MDB ölkələrinin liderlərinə təşəkkür edən Azərbaycan Prezidenti qeyd etdi ki, Laçın və Gəncədə keçirilən bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Ümumiyyətlə, MDB ölkələri arasında münasibətlər müstəqil dövlətçilik, qarşılıqlı hörmət və etimad, bərabərhüquqlu əməkdaşlıq və həmrəylik, kollegiallıq və ortaq məsuliyyət prinsipləri əsasında inkişaf etməlidir. Bütün bunlar MDB çərçivəsində yeni və daha ədalətli regional nizamın qurulmasına mühüm töhfə verə bilər. Azərbaycanın MDB çərçivəsində xarici siyasət kursu məhz bu prinsiplərə əsaslanır. Bu baxımdan, Laçın və Gəncədəki tədbirlər Azərbaycanın sülhün, quruculuğun və həmrəyliyin yeni memarı rolunda çıxış etdiyini göstərir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş