Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin prinsipial mövqeyi Rusiyanın yanlış siyasətini davam etdirməsinin qarşısını aldı

İlham Əliyevin prinsipial mövqeyi Rusiyanın yanlış siyasətini davam etdirməsinin qarşısını aldı


Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşün nəticələri ölkəmiz üçün əlverişlidir. İki liderin 10 aylıq fasilədən sonra baş tutan bu görüşü əsnasında Rusiya lideri faktiki olaraq AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycan tərəfinin bütün tələblərini qəbul etdi. Azərbaycan və Rusiya liderlərinin görüşü təkcə iki ölkə münasibətləri baxımından deyil, həm də regionda və postsovet məkanında qüvvələr nisbətinin yenidən formalaşması baxımından olduqca əhəmiyyətlidir. Son aylarda ölkəmizə qarşı apardığı qərəzli və təxribatçı siyasətin yanlış olduğunu anlayan Rusiya rəhbərliyi öz kursunu dəyişməyə, münasibətlərin normallaşdırılmasına, əlaqələri bərpa etməyə ehtiyac duyan tərəf kimi ikitərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edərək AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin aradan qaldırılması üçün ilk addımı atmış oldu.

Əlbəttə, biz bu görüş zamanı Rusiya liderinin maksimum səmimiyyət, dürüstlük nümayiş etdirəcəyini gözləmirdik. Amma bütün hallarda görüş zamanı Vladimir Putin Azərbaycanla və şəxsən İlham Əliyevlə münasibətlərin normallaşması, yoluna qoyulması üçün əlindən gələni etdi. Onun bədən dili hərəkətləri, jestləri də Kreml rəhbərinin günahkar obrazını açıq şəkildə göstərirdi. Bu mənada Putinin açıqlamaları xüsusilə diqqət çəkdi. Belə ki, görüş zamanı mühüm açıqlamalar verən Kremlin rəhbəri çıxışına ötən ilin dekabr ayında AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə başladı, qəza ilə bağlı bir daha başsağlığını çatdırdı və qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırlatdı. O, baş vermiş hadisə üzrə araşdırmanın davam etdiyini və yaxın vaxtda başa çatacağını bildirdi.

Putin öz qeyri-səmimilik ənənəsinə sadiq qalaraq təyyarəmizin vurulmasının məsuliyyətini Ukraynanın üzərinə atmağa çalışsa da, lakin reallıq hissinə qayıdaraq AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verdi, zərər çəkən sərnişinlərə və həlak olanların ailələrinə kompensasiya ödəniləcəyini, hadisənin günahkarlarının isə cəzalandırılacağını bəyan etdi. Beləliklə, Azərbaycan Prezidentinin prinsipial mövqeyi öz müsbət nəticəsini verdi. Məhz Prezident İlham Əliyevin bu məsələdə ardıcıl və prinsipial davranış nümayiş etdirməsi sonda Rusiya rəhbərinin qeyri-konstruktiv və ədalətsiz mövqeyini dəyişməyə məcbur etdi. Putinin Düşənbədəki açqlamaları Azərbaycana münasibətdə təkcə siyasi jest deyil, həm də həqiqətin etiraf idi. Azərbaycan rəhbərliyinin emosional bəyanatlardan, populist ritorikadan uzaq duraraq məsələni beynəlxalq hüquq müstəvisinə daşıması Rusiya tərəfini fakt qarşısında qoydu.

Dövlətimizin başçısının nümayiş etdirdiyi qətiyyət Kreml rəhbərini geri addım atmağa və proseslərə Rusiya tərəfi üçün ənənəvi olan imperiya amirliyi müstəvisindən deyil, həm regionda və dünyada cərəyan edən hazırkı geosiyasi proseslər müstəvisindən, həm də beynəlxalq hüquq kontekstindən yanaşmağa məcbur etdi. Putin nəhayət başa düşdü ki, AZAL-ın təyyarəsinin vurulmasından sonra Rusiya tərəfinin qeyri-konstruktiv mövqe sərgiləməsi, məsuliyyəti üzərindən atmağa çalışması, Azərbaycana qarşı təzyiq və şantaj yolunu tutması tamamilə əks nəticə verib və iki ölkə arasında münasibətlərdə dərin böhran yaranmasına səbəb olub. Bu isə bütün parametrlər üzrə ilk növbədə məhz Rusiyanın öz maraqlarına zərbə vurur.

Zaman göstərdi ki, Azərbaycan Rusiya ilə sıx əməkdaşlıq və müttəfiqlik olmadan da öz müstəqil inkişaf yolunu davam etdirə bilər, lakin Ukrayna "bataqlığ"ında çabalayan və az qala bütün dünya ilə münasibətləri korlanan Rusiyanın isə Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanla münasibətlərin normallaşmasına isə hava-su kimi ehtiyacı var. Yeni geosiyasi zərurətləri anlayan Kreml artıq qəbul edir ki, Azərbaycanla münasibətləri qorumaq və inkişaf etdirmək üçün qarşılıqlı hörmət, hüquqi məsuliyyət və bərabərlik prinsipləri əsasında davranmaq vacibdir.

Bəli, bu, Putinin gec də olsa dərk etdiyi danılmaz geosiyasi həqiqətdir. Bu mənada Kremlin rəhbərinin Düşənbədə verdiyi “təzminat ödəniləcək, cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və günahkarlar cəzalandırılacaq” açıqlaması həmin həqiqətin təntənəsidir. Beləliklə, bir qayda olaraq həmişə və hamıya meydan oxuyan Rusiya rəhbərliyinin Azərbaycan tərəfinin şərtlərini qəbul etməsi ikitərəfli münasibətlərdə hökm sürən böhranlı vəziyətin aradan qaldırılmasında ciddi dönüş nöqtəsdir. Prezident İlham Əliyevin prinsipial mövqeyi Rusiyanın yanlış siyasətini davam etdirməsinin qarşısını aldı.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş