Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib



Newscenter.az.28.02.2020. Heydər Əliyev Fondu Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşı Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə götürüb.

Bu barədə "Report"a açıqlamasında D.Bəhmənovanın anası məlumat verib.

E.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Bir neçə gün öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng etmişdi. O dedi ki, Mehriban xanım bu hadisəni eşitdikdən sonra bizə kömək etməyi təklif edib. Artıq Heydər Əliyev Fondu qızımın müalicəsini tamamilə öz üzərinə götürüb. Onlar həkimlərlə tez-tez əlaqə saxlayır və qızımın vəziyyəti ilə mütəmadi olaraq maraqlanırlar. Sonuncu əməliyyat fevralın 26-da olub, xüsusi olaraq bu əməliyyat üçün başqa klinikalardan həkimlər də dəvət edilib. Əməliyyat uğurlu keçdi. Ancaq bununla belə qızımın vəziyyəti ağır olaraq qalır. Fonddan mənə bildirdilər ki, qızımın sağalana qədər müalicəsi həyata keçiriləcək. Mən buna görə də Birinci vitse-prezident Mehriban xanıma çox minnətdaram. Klinikanın bahalı olmasına baxmayaraq, Fonddan mənə “bu, artıq sizi maraqlandırmamalıdır” dedilər. Təşəkkür edirəm".

"Heydər Əliyev Fondundan mənə sadəcə müalicəni deyil, həm də prokurorluqda da bu işi nəzarət altında saxlayacaqlarını bildirdilər", - D.Bəhmənovanın anası bildirib

Qeyd edək ki, fevralın 3-də Yasamal rayonu ərazisində Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun 1981-ci il təvəllüdlü oğlu Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı 982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı bıçaqlayıb.

C.Bəhmənov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, N.Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib.
Xəbəri paylaş