
"Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya əlavə texnika cəmləşdirməsi regionda vəziyyəti gərginləşdirməyə hesablanmış addımdır. Əks təqdirdə Ukrayna ilə müharibə şəraitində olan bir ölkə hərbi texnikanı, silah-sursatı bir başqa istiqamətə yönəltməzdi".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Rusiya Cənubi Qafqazın əlindən çıxdığının fərqindədir və bununla heç cürə barışmaq istəmir:
"Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasına razılıq ifadə etməsi də Rusiyanın maraqlarına uyğun deyil. Bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılmasına əsas etibarilə iki ölkə, Rusiya və İran qarşı çıxır. Kreml yaxşı bilir ki, sözügedən dəhlizin açılması ilə onun iqtisadi maraqları ciddi şəkildə zərbə altında qalacaq. Ona görə də prosesin qarşısının alınması, Azərbaycanla Ermənistan arasında formalaşmaqda olan etimad mühitinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır".
Arzuman Muradlı hesab edir ki, Rusiya Ermənistanda hakimiyyət çevrilişi etməklə prosesi əngəlləyə bilər:
"Düzdür, indiki halda erməni siyasilər arasında Rusiyanın maraqlarına cavab verən şəxslərin rıçaqları tamamilə məhv edilib. Ancaq onu da nəzərə almaq lazımdır ki, Kreml maraqlarının təmin olunması üçün erməni cəmiyyətinə yeni bir siyasi fiqur sıraya bilər. Bütün halda cərəyan edən proseslər və Rusiyanın gedişləri Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir".
Süleyman