
Mikayıl Müşfiq deyir: «Könül soyuq söz eşitmişsə, yüz yaz görsə də isinməz».
Dəyərli dostlar, insan qışın sərt soyuğunu yaşayanda yayın istisini arzulayır, yayın istisindən yorulanda isə payızın sərinliyinə can atır. Fəsillər dəyişdikcə insanların arzuları da dəyişilir. Bəzən ən çox sevdiyimiz fəsli belə sevməkdən vaz keçirik. Bunun səbəbi həmin fəsildə yaşadığımız həyatın, taleyin bizə bəxş etdiyi çətinliklərin başımızı qatması və hisslərimizi yaşadığımız şəraitə uyğunlaşdıra bilməməyimizdir. Ona görə də illərlə sevdiyimiz bir fəsil belə bəzən bizim üçün bir anın içində və ya yaşadığımız müəyyən bir müddət ərzində öz doğmalığını, sevgisini itirir. Amma burada fəsilin heç bir günahı yoxdur. Günah ya sizdə, ya da ətrafınızdakı insanlardadır.
Fəsillər dəyişir, amma hər fəsil öz gözəllikləri ilə gəlir. İnsan isə fəsillər dəyişdikcə dəyişməməlidir. İnsanın xəyalları, arzuları dəyişə, düşüncələri inkişaf edə bilər. Amma onu birləşdirən mənəvi dəyərlər dəyişməməlidir. Bizim dəyişməməli olduğumuz bir dəyər var ki, hamımızı həmin dəyər birləşdirir. O dəyər Vətəndir. Çünki Vətən bizim hamımızındır. Çox təəssüf ki, bəzən şəxsi incikliklər, eşidilməmiş sözlər, qarşılanmamış gözləntilər insanın doğma torpağına münasibətinə qədər təsir göstərir. Bir insanın davranışına, bir məmurun münasibətinə və ya siyasi qərara görə bütöv bir Vətənə qarşı soyuqluq nümayiş etdirmək mənəvi düşüncənin ən ciddi ziddiyyətlərindən biridir.
Vətəni sevmək yalnız onun uğurlarına sevinmək deyil, çatışmazlıqlarını görərək düzəlməsinə çalışmaqdır. Ola bilər ki, aparılan siyasəti tənqid edəsən, siyasi mübarizə də apara bilərsən. Lakin bunların heç biri milli kimliyə, dövlətçiliyə münasibətdə soyuqluğa çevrilməməlidir. Həyatda hər şey, maraqlar, siyasi baxışlar, vəzifələr dəyişə bilər. Amma Vətən bizim ortaq tariximiz, taleyimiz və gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Biz o gələcək nəslə deyə bilmərik ki, öz şəxsi intriqalarımıza görə Vətəni bu günə qoymuşuq. Vətənə qarşı unutqanlıq ən böyük cinayətdir.
Əsl vətənpərvərlik Vətəndən hər zaman isti münasibət gözləmək deyil, Vətənin gələcəyinə hər zaman isti münasibət bəsləməkdir. İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti, suverenliyimiz, torpaqlarımızın azadlığı, dövlətçilik iradəsinin nümayişi və Vətən fəlsəfəsi Vətən anlayışının cəmiyyətimizdə yeni tarixi məna qazanmasına səbəb oldu. Şəhidlərimiz hansısa gözlənti naminə yox, Vətən üçün ölümün üzünə gülə-gülə yeridilər. Bu, Vətən sevgisinin ruhu idi. Onlar da məhz bu Vətən uğrunda canlarından keçdilər.
Bizim haqqımız yoxdur ki, xalqın yüzilliklər boyu həsrətlə gözlədiyi Vətənə sevgimizi bir soyuq sözün kölgəsində itirək. Çünki Vətən bizə miras qalan torpaq olmaqla yanaşı, şəhidlərimizin qanı ilə qorunan, qazilərimizin canı bahasına müdafiə olunan, Ali Baş Komandanın qətiyyəti ilə qorunub gələcəyə ötürülən müqəddəs məsuliyyətdir.
Vətənimizi sevək!
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































