Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa çıxış yolu yoxdur

Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa çıxış yolu yoxdur


"Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası baxımından mühüm məsələdir. Münaqişənin uzun illər davam etməsi regionun inkişafına, xalqlar arasında etimadın formalaşmasına, iqtisadi əməkdaşlığa və beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə ciddi təsir göstərib.

Azərbaycanın mövqeyindən yanaşdıqda, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması dövlət suverenliyinin, ərazi bütövlüyünün və regional təhlükəsizliyin qarşılıqlı tanınması prinsiplərinə əsaslanmalıdır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Ermənistan üçün də Azərbaycanla münasibətləri hüquqi və siyasi müstəvidə normallaşdırmaq, davamlı sülhə nail olmaq regional təcrid, iqtisadi məhdudiyyətlər və uzunmüddətli qarşıdurma risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır:

"Sülhün alternativi yeni qarşıdurma risklərinin davam etməsidir. Buna görə də əsas məsələ tərəflərin keçmişin ziddiyyətlərini gələcək nəsillərin taleyini müəyyən edən daimi maneəyə çevirməməsi, beynəlxalq hüquqa və qarşılıqlı öhdəliklərə əsaslanan münasibətlər qurmasıdır".

Politoloq deyib ki, Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması və sülh müqaviləsini imzalaması regionun gələcəyi baxımından mühüm strateji seçimdir:

"Uzunmüddətli qarşıdurma əvəzinə əməkdaşlıq, iqtisadi inkişaf və mehriban qonşuluq münasibətlərinin qurulması hər iki dövlətin və bütövlükdə Cənubi Qafqazın maraqlarına xidmət edə bilər.

Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün qorunması prinsipindən geri çəkilmədən sülh gündəliyini irəli aparır. Ermənistanın qarşısında isə bu gündəliyin hüquqi və siyasi şərtlərinin həlli, qarşılıqlı etimadın möhkəmləndirilməsi və yeni regional reallıqlara uyğun münasibətlərin qurulması məsələsi dayanır".

Süleyman
Xəbəri paylaş