Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsi müzakirə edilib



Newscenter.az.29.07.2020. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Bu barədə Newscenter.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov qanun layihəsinin hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Dövlət qurumlarından daxil olmuş rəy və təklifləri diqqətə çatdırıb. Bildirilib ki, bu qanun layihəsi ilk dəfə olaraq ölkədə energetika və kommunal xidmətlər sahələrində tənzimləmə prosesinin və tənzimləyicinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir. Bu qanunvericilik aktının hazırlanması zamanı tənzimləyici ilə bağlı dünyadakı müxtəlif təcrübələr öyrənilib.

Sonra nazirlik və agentliyin mütəxəssislərinin qanun layihəsinin hazırkı variantına dair fikirləri dinlənilib. Qanun layihəsinin maddələrinə əlavə və dəyişiklərlə bağlı irəli sürülmüş təkliflər nəzərdən keçirilib. Layihənin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib və bu istiqamətində müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin Energetika Nazirliyinin təklifləri əsasında hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” ölkə prezidentinin 29 may 2019-cu il tarixli sərəncamında öz əksini tapıb.

Zaur
Xəbəri paylaş