Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor rəhbərindən ciddi xəbərdarlıq "Əgər Azərbaycan otuz illik erməni işğalına son qoymasa,..."



Newscenter.az.6.08.2020. Ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti davam edir. Zaman-zaman dünyanın müxtəlif münaqişəli bölgələrindən qaçaraq Yerevana pənah gətirən erməniləri işğalçı ölkə rəhbərliyi işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirərək orada qanunsuz olaraq infrastruktur yaradıb, Azərbaycan ərazilərində məskunlaşma siyasəti həyata keçirib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, işğalçı ölkənin bu qeyri-qanuni məskunlaşdırma siyasətinə cavab olaraq heç bir beynəlxalq təşkilat və ya qurum Yerevan qarşısında ciddi şərt irəli sürməyib, onu bu hərəkətdən çəkindirmək niyyətində olmayıb. Mövcud cəzasızlıq sindromu isə Yerevana öz qeyri-qanuni əməllərini davam etdirməyə rəvac verib. Hər halda Livan ermənilərinin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirmək niyyəti də bundan irəli gəlir. Elə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İqdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal da bu qənaətdədir.

Sözügedən məsələ barədə danışarkən Sərdar Ünsal deyib ki, zaman-zaman türk düşmənçiliyini büruzə verən, öz təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan yenə də qarşısına qoyduğu məkirli hədəflər arxasındadır. Sədra Ünsal deyib ki, Suriya ermənilərindən sonra, indi də Ermənistan Livandakı partlayışdan zərər çəkən ermənilərin qanunsuz olaraq Dağlıq Qarabağ bölgəsində məskunlaşdırılması üçün hərəkətə keçib:

“Əvvəllər Suriyadakı qarışıqlıqdan, vətəndaş müharibəsindən yararlanaraq ermənilərin işğal altındakı Dağlıq Qarabağda yerləşdirilməsinə nail olan Ermənistan indi də eyni ssenarini Livan olayları üzərindən davam etdirir. Livan Erməni İnqilabi Federasiyasının gənclər birlikləri tərəfindən başladılan bu prosesə qarşı dərhal müdaxilə etmək lazımdır”.

Federasiya rəsmisi deyib ki, Ermənistan hökuməti beynəlxalq qanunlara zidd olaraq təxribatçı hərəkətlərini davam etdirir:

“Suriyadan sonra Livan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmağa çalışılır. Erməni xəbər saytından aldığımız məlumata görə, qondarma Dağlıq Qarabağ (Artsax) Respublikası Milli Məclisinin sədri Aşot Gulyan bundan bir müddət əvvəl də Livan Ermənistan İnqilab Federasiyasının gənclər birliyi üzvləri ilə görüşüb və onları Dağlıq Qarabağda məskunlaşmağa dəvət edib. Livan erməniləri bu təklifi qəbul edərək Qarabağda məskunlaşıblar. İndi isə Beyrutda baş verən partlayışdan yararlanaraq Qarabağda qrup halında Livan ermənilərini məskunlaşdırmağı planlaşdırırlar. Məqsəd Qarabağda erməni sayını 300-500 min nəfərə çatdırmaqdır. Beləliklə, gələcək sülh danışıqlarında Suriya və Livandakı erməniləri hesabına Dağlıq Qarabağdakı erməni əhalisinin sayını süni şəkildə artırmaqdır. Livan və Suriya ermənilərinin Ermənistan tərəfindən qəbul edilib Qarabağda yerləşdirilməsi qanuna zidd olsa da, lakin Yerevan bu addımı atır. Humanist və dinc siyasət adı altında Ermənistan öz çirkin məqsədlərini həyata keçirir və Livan və Suriyadan gətirilən erməniləri işğal altındakı Dağlıq Qarabağda, həmçinin Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşdirir”.

Sərdar Ünsal qeyd edib ki, Ermənistan dövləti Qarabağda qeyri-qanuni məskunlaşdırdığı Suriya vıə Livan ermənilərinə ev və torpaqla yanaşı, vətəndaşlıq da verir:

"Beynəlxalq hüquqa görə, insanları münaqişə zonasına yerləşdirmək yolverilməzdir. Ancaq erməni tərəfi, erməni diasporu buna məhəl qoymur və qanunsuz fəaliyyətlərini davam etdirir. Bu vəziyyət bir daha göstərir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Ən qısa müddətdə ATƏT, BMT, Avropa İttifaqı, Minsk Qrupu Suriyalı ermənilərin Azərbaycan türklərinə məxsus bu torpaqlara yerləşdirilməsinin qarşısını almalıdır. Həmçinin Azərbaycan dövləti bu problemi BMT-nin diqqətinə çatdırmalıdır”.

Sərdar Ünsal qeyd edib ki, Avropa Birliyi, ATƏT və onun Minsk Qrupu illərlədir Azərbaycan ərazilərinin işğalına səssiz qalıb:

“Bu təşkilatlar yalnız Azərbaycan ərazilərinin işğalını sözdə qınamqla işlərini bitmiş hesab ediblər. İşğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün heç bir hərəkətə keçməyiblər. Artıq düşünürəm ki, işğal altında olan Azərbaycanb ərazilərinin azad edilməsi üçün hərəkətə keçməyin vaxtı gəlibdir”.

Sərdar Ünsal sonda onu da qeyd edib ki, Çar və Kommunist Rusiyası da zamanında erməniləri iki əsr boyu tarixi Azərbaycan ərazilərində, Yerevanda və Ermənistanda yerləşdirmişdilər:

“Necə ki, bu gün Suriya və Livan erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırılır. Türk vətəni Yerevan necə erməni torpağına çevrildisə, eyni ilə Dağlıq Qarabağı da elə etmək istəyirlər. Əgər Azərbaycan bu otuz illik erməni işğalına son qoymasa, yaşadığı torpaq da təhlükə altında olacaq. Çünki başqa ölkələrdən Dağlıq Qarabağa yerləşdirilən ermənilərin sayı və gücü gündən-günə artır. Hesab edirəm ki, ATƏT, BMT, Avropa İttifaqı, Minsk Qrupuna xəbərdarlıq edilməli və nəticə olmayacağı təqdirdə Azərbaycan güclü ordusu ilə işğal olunmuş əraziləri geri almalıdır”.
Xəbəri paylaş