“COP29 qarşısına qoyduğu hədəflərə nail oldu, yaşıl dünya naminə qlobal həmrəyliyi reallaşdıra bildi. Hər halda sessiyanın yekunları və qəbul edilən qərarlar belə deməyə əsas verir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili bildirib ki, hər şeydən əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Bakı maliyyələşdirmə məqsədləri" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı konsensus əldə edildi:
“Bu mexanizm 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur.
Yeni hədəfin əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur”.
İlham Məmmədov qeyd edib ki, bu konsensusun əldə edilməsi həm də COP29-un qlobal həmrəylik baxımından da əhəmiyyət kəsb etdiyini ortaya qoydu:
“Düzdür, ciddi cəhdlə buna mane olmağa çalışan dövlətlər, bəzi siyasi təsisatlar oldu. Hətta COP29-u boykot etmək kimi cəfəng çağırışlar da səsləndi. Lakin buna baxmayaraq Azərbaycan kimi sözün həqiqi mənasında ətraf mühiti düşünən, ekoloji tarazlığın pozulmasına qarşı olan, yaşıl dünyanı təbliğ edən ölkələr COP29-da iştirak etdi, rəsmi Bakının qlobal həmrəyliyinə dəstək oldu:
“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Ən əsası odur ki, bəzi Avropa ölkələri kimi yalnız özümüzü düşünmədiyimizi dünyaya bir daha sübut etdik. Bir daha nümayiş etdirdik ki, dövlət olaraq ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə də həmrəyik, onların problemlərinin həllində maraqlayıq”.
Millət vəkili qeyd edib ki, ən mühüm məsələlərdən biri Paris Sazişinin 6-cı maddəsinin tam təsdiqlənməsi oldu:
“Ssessiyanın yekunu olaraq Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığı elan edildi. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırır və Paris Sazişinin son bəndini tamamlayır. Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. Ümumiyyətlə, nəticə olaraq qeyd edə bilərik ki, COP29 təkcə ölkəmiz üçün deyil, ümumən bəşəriyyət üçün faydalı oldu”.
Süleyman