Newscenter.az.15.08.2020. "Hazırda ölkədə aparılan kadr islahatları və qanuna zidd fəaliyyətlərlə bağlı həbslər dalğasının ölkədən kənara sıçraması gözlənilən idi. Ən təhlükəli tərəfi odur ki, ölkə xaricində dövlətə və dövlətçiliyə qarşı fəaliyyət göstərənlərin əməlləri, daxildə eyni məqsədlərə xidmət edənlərlə koordinasiya şəklində mövcud olmuşdur".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, həbs olunan və olunacaq şəxslər barəsində ədalətli və şəffaf istintaq aparılmalı, mümkün qədər cəmiyyətə müntəzəm məlumatlar verilməlidir:
"Çünki, cəmiyyəti maraqlandıran çoxsaylı suallar mövcuddur ki, bunlardan biri də, istədiyi vaxt ölkədən qaçıb müəmmalı şəkildə hansısa ölkədə siyasi sığınacaq alaraq, dövlətimizə qarşı əks təbliğat tribunası kimi istifadə etmək üçün internet televiziyaları təsis edənlərin böyük maliyyə mənbələrinin qaynaqları ilə bağlıdır. Daha sonra, dövlət büdcəsi hesabına xarici dövlətlərdə ölkəmizin maraqlarına uyğun fəaliyyət göstərməli olan səfirlər və digər səlahiyyətli şəxslər tərəfindən ayrılan maliyyə vəsaitlərinin qanuna zidd olaraq şəxsi maraqlarının təmin olunmasına və bizneslərinin genişləndirilməsinə yönəldilməsi ilə bağlı məlumatlar da mövcuddur. Həm də, son dövrlər baş verən proseslər bir daha sübut etdi ki, xarici siyasətimizdə və onun tərkib hissəsi olan lobbiçilik fəaliyyətimizlə bağlı ciddi problemlər mövcuddur. Həmin problemlərin yaranmasında ölkə daxilində olan təxribatçılarla yanaşı, xarici ölkələrdə olan sadə vətəndaşlarımızın deyil, daha geniş imkanlara və təsir gücünə malik olan azərbaycanlıların böyük rola malik olduğu məlum olmaqdadır".
Xəyal Bəşirov ümid edir ki,bu cür ciddi məqamlara aydınlıq gətiriləcək səviyyədə araşdırmalar aparılacaq və görülən bu geniş miqyaslı tədbirlər nəticəsində, ölkəmizdən başlayaraq dünyanın bir çox nöqtələrinə uzanan çox təhlükəli təxribatçı şəbəkənin ifşa olunması, onun üzvləri barəsində ədalətli qərarların verilməsi təmin olunacaq.
Mehman