Newscenter.az.7.09.2020. Sentyabrın 7-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsinə kömək məqsədilə 129 oksigen konsentratoru və 60 pulsoksimetr Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.
Tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-ün Avropa Regional Ofisi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla təmin edilən oksigen, aşağı qan oksigen səviyyəsi olan COVID-19-lu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritet olmalıdır.
Pulsoksimetrlər isə xəstələrdə qanda oksigen səviyyəsini ölçərək izləməyə kömək edəcək.
“Avropa Komandasının təşəbbüsü ilə, Aİ-nin “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin ilk təcili cavab tədbiri kimi fərdi qoruyucu vasitələrin ölkəyə gətirilməsi yolu ilə Azərbaycanda səhiyyə sistemini dəstəklədi. İndi isə biz tibbi ləvazimatların tədarükü, tibb işçilərinin potensialın inkişafına yardım, ictimaiyyətin maarifləndirilməsi və cəlb olunması, digər qeyri-fövqəladə fəaliyyətləri özündə birləşdirən bu proqramın 2-ci mərhələsini həyata keçiririk”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib.
"Sağlamlıq üçün həmrəylik təşəbbüsü” ilə yerli səviyyədə aparılan mübarizə tədbirlərinə töhfə verdiyimiz üçün çox şadıq və ümid edirəm ki, bununla da Azərbaycanda fərq yarada biləcəyik", - deyə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. “Bu cür ləvazimatlar oksigen müalicəsinə ehtiyacı olan insanlarda ciddi xəstəliklərin və ölüm hallarının qarşını almaq üçün çox önəmlidirlər. Xəstəliyin cəmiyyət arasında yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edərkən xəstəxanalara müvafiq qayğının göstərilməsi son dərəcə önəmlidir”.
"Yüksək keyfiyyətli oksigen konsentratoru və pulsoksimetr tibbi ləvazimatlarının təchizatı üçün tərəfdaşlarımıza minnətdarıq. Aİ və ÜST-nin Azərbaycana verdiyi bu dəstək COVID19-a yoluxmuş xəstələrin müalicəsi üçün istifadə ediləcək", - deyə Səhiyyə nazirin müavini Rahim Əliyev qeyd edib.
Layihənin birinci mərhələsində, Azərbaycanda səhiyyə işçilərinin COVID-19 pandemiyasına effektiv və təhlükəsiz şəkildə mübarizə tədbirlərinə dəstək məqsədilə Bakı və regionlarda 86 səhiyyə müəssisəsinə fərdi qoruyucu vasitələri paylanıb. Aİ və ÜST, həmçinin səhiyyə işçiləri üçün 8 canlı və 7 onlayn təlimçilər üçün təlim sessiyası təşkil ediblər. Bu da öz növbəsində daha çox tibb işçisinə COVID-19 xəstələrinin idarə edilməsində və dəstəklənməsində ən son metodlar haqqında təlim verməyə kömək edəcək.
Böyük əhəmiyyət daşıyan ləvazimatların ianəsi hal-hazırda 216-dan çox ölkəni və ərazini əhatə edən COVID-19-un pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. Avropa İttifaqı 2020-ci il martın 27-də Şərqi Avropa və Qafqazın altı ölkəsində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması, aşkarlanması və ona qarşı cavab tədbirinin görülməsi məqsədilə 30 milyon avroluq yardım paketi ayırdığını elan edib.
Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması və tibb işçiləri, virusa qarşı ön cəbhədə mübarizə aparan şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.
Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.