Newscenter.az.15.09.2020. "Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, bununla yanaşı, hökumət pandemiyanın iqtisadi inkişafa vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnostikasını apardı:
“COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mühüm tədbirlər həyata keçirilib. Bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub”.
Eldəniz Səlimov qeyd edib ki, bu gün vətəndaşların əksəriyyətində şəxsi refleks, yəni tibbi maskadan istifadə edilməsi, sosial məsafə saxlanması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi vərdişi formalaşıb:
“Bunlar müsbət haldır və o deməkdir ki, insanlar indiki şəraitin tələblərilə yaşamağa öyrəşir. Biz qaydalara mütləq şəkildə əməl etməliyik ki, bu bəladan tezliklə xilas ola bilək. Qarşıdan payız fəsli gəlir. Həmin mövsümdə də infeksion xəstəliklər baş qaldırır. Çalışmaq lazımdır ki, payız mövsümünə qədər maksimum dərəcədə virusun yayılmasının qarşısı alınsın. Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməli və insanlarımız bunu anlayışla qəbul etməlidir. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin”.
E.Səlimov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib:
“Yoxsulluğun aradan qaldırılması, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisara salınmayıb. Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütövlükdə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır”.
Eldəniz Səlimov diqqətə çatdırıb ki, işğalçı ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə dinc aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün ciddi zərbə olub. Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı: “Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsinin danılmaz fakt olduğunu bildirən Eldəniz Səlimov bildirib ki, sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır:
“Bilirsiniz ki, istənilən ölkədə sosial şəbəkələr azaddır və bu azadlıqdan sui-istifadə halları da kifayət qədərdir. Əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda, ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu prosesdən kənarda qalmamalı və məsələ ilə bağlı müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır”.
NEWSCENTER.AZ