Newscenter.az.19.09.2020. “Bu, doğrundan da, çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.
Bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar.
Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi.
Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.