Newscenter.az.19.09.2020. “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı deyib: “İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq.
İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. İfadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, nə bilim yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır”.