Newscenter.az.22.09.2020. Aralıq dənizinin şərqində təbii qaz hasilatı və ixracatı məqsədi ilə 6 ölkədən ibarət qrup rəsmi təşkilat yaradıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Misir, İsrail, Yunanıstan, Kipr, İtaliya və İordaniya nümayəndələri arasında Qahirədə keçirilən virtual mərasimdə Şərqi Aralıq Dənizi Qaz Forumu (EMGF) adlı hökumətlərarası təşkilatın yaradılmasına dair müvafiq saziş imzalayıblar.
İsrailin energetika naziri Yuval Steinitz Fələstin muxtariyyatının da sözügedən forumda yer aldığını bildirib. Nazirin verdiyi açıqlamaya görə, bu forum 30 milyard ABŞ dolları həcmində İsrail təbii qazının İordaniya və Misirə ixracına dair müqavilə ilə ərəb və Avropa ölkələri arasında tarixdə ilk dəfə regional əməkdaşlıq qurmağı hədəfləyir.
ABŞ və Avropa İttifaqının müşahidəçi statusuna malik olduqları foruma daxil olmaq üçün Fransa da müraciət edib.
Qeyd edək ki, Misir cari ilin əvvəlindən İsraildən qaz idxal edərək onu Avropa və Asiyaya tədarük etmək imkanlarını araşdırır. 2015-ci ildə açıq dənizdə nəhəng Zöhr yatağının kəşfilə Misir bölgədə mühüm qaz sərvəti sahibinə çevrilib.
Qeyd edək ki, Şərqi Aralıq Dənizi Qaz Forumunun yaradılması barədə hələ 2019-cu ilin yanvar ayında bildirilmişdi. Bu forumdan kənarda qalan Türkiyə və Liviya noyabr ayında dənizdə bölgü aparmaqla bağlı anlaşma memorandumu imzaladılar. Belə ki, Türkiyə Aralıq dənizi şelfindəki bir sıra yataqlara iddia irəli sürüb.