Newscenter.az.7.11.2020. 2020-ci ili başa vurmağımıza iki aydan da az vaxt qalıb. Bu il Azərbaycan tarixinə yeni şanlı səhifələrin yazılması ilə düşəcək. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin iyul ayından başlayaraq, növbəti dəfə kobud şəkildə atəşkəs rejimini pozmaqla hücuma keçməsinə cavab olaraq, şanlı Azərbaycan Ordusu əks-həmlə ilə düşmənə layiqli cavab verdi. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ən layiqli cavab verən müzəffər Ordumuz ötən 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini öz gücü ilə həll etməyə başladı. Bu qələbələr Azərbaycan xalqına yeni oyanış və yeni yüksəliş vəd edir. Dövlət başçısının hələ bu müqəddəs Vətən savaşına qədər bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkliyi ilə artıq qarşımızda yeni dünya açır.
Azərbaycana tarixi zəfər marşının sədaları altında böyük uğur gətirən 2020-ci il ölkəmizi beynəlxalq arenada bu dəfə dünyanı təlatümə gətirən bəla – yeni növ koronavirus – “COVID-19” virusu ilə mübarizədə də dünya ölkələri sırasında xüsusi mövqeyə çıxarıb. 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilən, qısa müddətdə geniş vüsət alaraq, nəinki Çin, hətta dünyanın bütün ölkələrini ağuşuna alan “COVID-19” virusu mart ayından başlayaraq pandemiya elan olunmaqla dünyanı əsl sınağa çəkməyə başlayıb. Azərbaycanın bu virusla mübarizəsi ÜST, BMT, Qoşulmama hərəkatı, həmçinin bir çox beynəlxalq nüfuzlu ölkə və təşkilatların da etiraf etdiyi kimi, nəinki nümunəvi hesab edildi, ehtiyacı olan 30-dan artıq dövlətə göstərdiyi yardım da ölkəmizin dünyəvi ortaq dəyərlərə verdiyi önəmin nəticəsi kimi qəbul edildi.
Koronavirus təhlükəsi şəraitində yeraltı nəqliyyat
Əlbəttə, bu virusla mübarizə hazırda da davam edir. Virusun xüsusiyyətləri və yayılma arealına görə xüsusi risk qrupunda olan sahələr sırasında nəqliyyat, ilk növbədə, yeraltı qapalı məkan olan Bakı metropoliteni də var. Virusun yayılmasını minimuma endirmək üçün Bakı metropoliteni yanvar ayının son günlərindən başlayaraq, işçiləri və sərnişinləri arasında xüsusi təbliğat və geniş maarifləndirmə işlərinə başladı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması ilə bu məsələdə ölkənin bütün digər sahələri ilə vahid mərkəzdən idarə olunmaqla daha geniş və qarşılıqlı əlaqələndirmə formasında davam etdirməyə imkan verdi.
Fevral ayının 21-dən stansiya və qatarlarda, eləcə də müəssisənin xüsusiyyətindən asılı olaraq, bütün obyektlərində qabaqlayıcı tədbir kimi, geniş spektrli dezinfeksiya işlərinə başlanıldı. Eyni zamanda stansiyalarda gün ərzində əllə təmas olunan bütün səthlərin müntəzəm qaydada dezinfeksiyaedici vasitələrlə təmizlənməsinə, depoya daxil olan qatarların elektrik deposu şəraitində sanitar-gigiyenik normalara uyğun olaraq gücləndirilmiş qulluğu təmin edildi. Mərhələlərlə bu tədbirlər gücləndirildi və xüsusi nəzarət təmin olundu. Buna rəğmən ölkədə virusun qarşısının alınması məqsədilə mart ayının 29-31-i tarixlərində səhər 2, axşam isə 3 saat olmaqla, Operativ Qərargahın qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyəti məhdudlaşdırıldı. Aprel ayının 1-dən isə bu fəaliyyət tamamilə dayandırıldı. 38 gündən sonra may ayının 9-da tamamilə yeni şərtlər daxilində fəaliyyətini bərpa edən metropolitendə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi ictimai nəqliyyatda müvafiq metodiki göstərişə uyğun olaraq, sərnişinlər, məcburi qaydada, tibbi qoruyucu vasitələri taxaraq metropolitendən istifadə etməli, sosial məsafənin qorunmasına riayət etməli idilər.
Bununla belə yenidən virus təhlükəsinin genişlənməsi iyul ayının 4-də metropolitendə sərnişindaşımanın bu dəfə 72 gün müddətinə dayandırılması ilə nəticələndi. Yeni qaydalarla sentyabr ayının 14-də sərnişinlərini qəbul etməyə başlayan metropolitendə oktyabr ayının 19-da sərnişindaşıma fəaliyyəti bir daha dayandırıldı. Beləliklə, 150 günə yaxın sərnişinlərinə daşıma xidməti göstərməyən Bakı metropoliteni tarixində ilk dəfə bu qədər müddətə bağlı qaldı. Lakin bu müddət heç də səmərəsiz ötüşmədi. Metropoliten Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, müəyyən etdiyi məhdudlaşdırıcı tövsiyələr, eləcə də sanitar-gigiyenik tələblər və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, sərnişinsiz qaldığı günlərdə apardığı bir sıra yeniləşmə, sağlamlaşdırma tədbirlərini davamlı şəkildə apardı, belə bir şəraitdə infrastrukturun, tunel geyimi və avadanlıqlarının qorunması, eləcə də tikinti sahələrində optimal iş şəraitini qura bildi. Bir sıra yeniliklərin, ələlxüsus gələcəyin texnologiyaları sayılan informasiya-kommunikasiya sahəsində, metropolitendə yalnız gecə növbəsində vaxt məhdudiyyəti şəraitində həyata keçirilən tədbirlər yerinə yetirildi.
Beləliklə, 2020-ci ilin ən əhəmiyyətli və yeniliklərlə zəngin bir il kimi Bakı metropoliteninin tarixinə düşməsi üçün şərait yarandı. Bütün bunları nəzərə alaraq, metropoliten 8 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günü və 53 illik inkişaf tarixini doğma Qarabağımızdan gələn qələbə müjdələrinin işığında qeyd edir.
53 il sərnişinlərin xidmətində
Bu gün dünyada bütün böyük şəhərlərin nəqliyyat sisteminin şah damarı məhz metro hesab olunur. Sürət, vaxta qənaət, hərəkət intensivliyi, mobillik, daşıma imkanlarına görə və müasir meqapolislərin əsas probleminə çevrilən tıxacların azaldılması baxımından metro ilə heç bir ictimai şəhər sərnişindaşıma nəqliyyatı müqayisə oluna bilməz. Şəhər ictimai sərnişindaşıma nəqliyyatında 30 faizə yaxın pay sahibi olan metropoliten, 2019-cu ilin yekunlarına əsasən, gün ərzində orta hesabla 650 minə yaxın sərnişinə xidmət göstərib.
- Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində unikal bir hadisədir, - deyən Ulu öndər Bakı üçün bu nəqliyyatın əhəmiyyətini zamanından da əvvəl müəyyən edərək metropolitenin inkişafı naminə böyük qüvvə və əmək sərf edib.
1967-ci il noyabr ayının 6-da Bakı metrosunun ilk xəttinin 5 stansiyadan ibarət “İçərişəhər-Nəriman Nərimanov” sahəsinin istifadəyə verilməsi ilə şəhər nəqliyyatında ən əhəmiyyətli hadisələrdən biri baş verdi. Əlbəttə, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi ilə Bakıda metropolitenin yeni inkişaf dövrü başladı. Tezliklə 8-ci kilometr qəsəbəsinin əhalisini ən sürətli və rahat nəqliyyatla təmin etmək məqsədilə uzunluğu 6,3 km olan “Nəriman Nərimanov-Neftçilər” sahəsinin tikintisi məsələsi gündəmə gətirildi və 1970-ci il aprelin 17-də "Ulduz" stansiyası istifadəyə verildi. Heydər Əliyevin Respublikaya rəhbərliyi və daha sonra Moskvada SSRİ Nazirlər Sovetinin Birinci müavini vəzifəsində çalışdığı dövrlərdə metronun 22,3 kilometr sahəsi tikilərək istifadəyə verildi.
Ümummilli lider Heydər Əliyevin metropolitenə və metro işçilərinə diqqət və qayğısı bu gün də prezident İlham Əliyevin timsalında davam etdirilir. 2003-2011-ci illərdə görülən işlər Bakı metropoliteninin inkişafında yeni mərhələ oldu. Bu dövrdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının inşası yekunlaşdırıldı. Prezidentin 2011-ci ildə təsdiq etdiyi metropoliten xətlərinin konseptual İnkişaf sxemi və Dövlət Proqramı Bakının yeraltı yollarının inkişafında növbəti mərhələnin əsasını qoydu.
Ən yeni texnoloji tələblər səviyyəsində
2016-cı ildə müstəqillik tarixinin ilk xətti – Bənövşəyi xətt inşa olunmaqla, onun iki stansiyası “Avtovağzal” və “Memar Əcəmi” istismara verildi və xətlərin uzunluğu 36,6 km-ə çatdırıldı. Yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar da məhz bu prinsiplərə və ən yeni texnoloji standartlara uyğun tikiləcək. Hazırda şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir. Burada infrastrukturun qurulması ilə bağlı əsas işlər, təbii ki, “COVID-19” virusu ilə bağlı bütün tədbirlərə ən ciddi şəkildə əməl olunmaqla, davam etdirilir.
Post-Sovet məkanında metropolitenlə bağlı ən müasir texnoloji yeniliklər ilk dəfə Bakı metropolitenində həyata keçirilir. Bənövşəyi xətdə infrastruktur, hərəkətin təşkili, idarəetmə sistemlərində innovasiyalar məhz buradan başlanır. Fransanın “Thales” şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.
Yeni texnoloji era depodan başlanır
Bu yeniliklər təkcə yeni xətlərlə kifayətlənmir. Artıq bütün metropoliten xətlərinin mərhələlərlə yeni idarəetmə sistemlərinə keçilməsinə başlanılıb. Bu mənada 2020-ci ilin xüsusi əhəmiyyəti tarixdə yer alacaq. Metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə hərəkətin təşkilində təməl sahə olan “Nərimanov” elektrik deposundan başlanılıb. Bu, “Thales” şirkətinin iştirakı ilə “ox sayğacları” bazasında qurulan sistemdir. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlar ləğv olunub. Müasir informasiya-kommunikasiya idarəetməsinin tətbiqi ilə hərəkətin daha təhlükəsiz təşkili, perspektivli layihələrin, dispetçer idarəetməsinin icrasına yol açılıb, o cümlədən qatarların hansı vaxtda xəttə çıxdığı, harada olduğu, dayanacaq nöqtəsi və digər məsələlər bu sistemlə təyin edilir. Bu işlərin yerinə yetiriləcəyi mərkəz - 5 mərtəbəli mərkəzləşmə məntəqəsi binasından həyata keçirilir. Bu isə gələcəkdə CBTC sistemlərinin mövcud xətlərdə yenidənqurma işlərini davam etdirməklə həyata keçirilməsinə yol açır. Əlbəttə, məsələ təkcə bu sistemin depo yollarında tətbiqi ilə yekunlaşmır. Onu təmin edən digər məsələlər də həllini tapmalıdır.
Müasir idarəetmə sistemlərinə doğru
Metropolitendə yüksək etibarlığı olan fiberoptik şəbəkənin çəkilməsi də başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb. Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir. Bu məqsədlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri zamanı “Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Yeri gəlmişkən, məhz həmin səfər çərçivəsində Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Yeni xətlərin tikintisində çətinliklərə, eyni zamanda, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir. “Xocəsən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir.
Yeniləşən stansiyalar
Mövcud xətlərin, infrastrukturun yeniləşməsi stansiyaların əsaslı şəkildə yenidən qurulması ilə paralel qaydada aparılır. Son illərdə “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası, ”Koroğlu”, “Sahil”, “Bakmil”, “Xətai”, “Cəfər Cabbarlı” stansiyalarında yenidənqurma və əsaslı bərpa işləri aparılıb. Son illərin işləri sırasında “Nizami” stansiyası xüsusi yer tutur. Mövcud geoloji şəraitdə onun konstruksiyalarının etibarlığının artırılması ilə yanaşı, dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş və dünya incilərindən sayılan pannolarının bərpası bu sahədə ixtisaslaşmış yerli mütəxəssislərin iştirakı ilə aparıldı. Pannoların orijinallığı bərpa olunmaqla, ona xüsusi təravət gətirildi.
Stansiya statusu aldıqdan sonrakı 38 il ərzində ciddi təmir işləri aparılmayan “Bakmil” stansiyasında yenidənqurma işlərinin aparılmasına ciddi zərurət vardı. Uzunmüddətli istismarı, açıq hava şəraiti təsirsiz ötüşməmişdi. Mərhələli təmir işlərinin ən mühüm yeniliyi odur ki, platformanın konstruksiyası əsaslı şəkildə yenidən qurulub, stansiya yolunun üzəri çətirlə örtülüb və bu da qatar gözləyən sərnişinlərin, stansiya yolunun, müvafiq avadanlıqların yağmurdan qorunmasına şərait yaradıb.
Ağır hidrogeoloji şəraitdə inşa edilən “Sahil” və “Xətai” stansiyalarında 50 illik istismar müddətini başa vuran eskalatorlar dəyişdirilib. Stansiyalarda 3 eskalator əvəzinə Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilən bu eskalatorlar ilk dəfə məhz Bakı metropolitenində tətbiq olunub. Təmir müddətində bütün infrastruktur müasir standartlara uyğun yenilənib, ağır geoloji şəraitin təsirləri altında olan konstruksiyalar gücləndirilib, əsaslı yeniliklər edilib.
“Xətai-Cəfər Cabbarlı” mənzilində aparılan əsaslı yenidənqurma işlərinin, tunellərin sağlamlaşdırılmasının, avadanlıqların yenilənməsinin növbəti mərhələsi çərçivəsində 2020-ci il ərzində mənzil tunellərində əsaslı işlər yerinə yetirilib. Bu mənada tunellərin yerləşdiyi ərazinin ağır hidrogeoloji şəraiti nəzərə alınmaqla əsaslı tədbirlər görülüb. Xüsusilə əsaslı təmirə kəskin ehtiyacı yaranmış “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bərpa, yenidənqurma işləri aparılıb. Bütün infrastrukturu yenilənməklə bu stansiyanın da dəmir yolları metropolitenin öz istehsal sahəsinin məhsulu olan dəmir-beton bloklar üzərində inşa edilib. İşıqlanma, yanğın təhlükəsizliyi, rabitə, kommunikasiya sistemləri, yenidən qurulub. Havalandırmanın keyfiyyətini artırmaq və bununla infrastrukturun, o cümlədən tunel geyiminin mühafizəsini də optimallaşdırmaq məqsədilə kiçik ventilyasiya köşkü qurulub və pandemiya şəraitinin tələbləri şəraitində aparılan işlər sonuncu mərhələsindədir.
Tunellər diqqət mərkəzində saxlanılır
Məlumdur ki, metropolitendə sərnişindaşımanın əsas hazırlıq prosesi gecə növbəsində aparılır. Tunellər bu xüsusda daim diqqətdə saxlanılan mühüm infrastruktura malikdir. Yeri gəlmişkən, “Xətai-Cəfər Cabbarlı” mənzilində aparılan əsaslı işlər sırasında işıqlanma keyfiyyətini təmin edən müasir lampalara keçid məhz bu tunellərdən başlanıb və davamlı olaraq digər sahələrdə təmin edilir. Bu isə işin keyfiyyətinə, kəmiyyət artımına, eləcə də səmərəsinə təsir edən faktorlardandır
Tunellərdə son illərdə iş keyfiyyətinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər davam edir. Bununla bağlı tunel geyiminin sağlamlığının qorunması baxımından korroziyanın və digər təsirlərin yoxlanılmasını təmin edən cihazların, boyaq maddələrinin geniş spektrdə araşdırılaraq seçilməsi, sınağı və vurulması, bu sahədə yerli istehsalçıların imkanlarına dəstək verilməsi, onlarla iş birliyinin qurulması, yolların və digər tunel infrastrukturunun yoxlanılması, müayinəsi və qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiqi də xüsusi qeyd oluna bilər.
Vaqon parkının müntəzəm yenilənməsi davam etdirilir
Vaqon parkının ən müasir tipli qatarlarla təmin edilməsi olmadan əsaslı inkişaf mümkün deyil. 2015-ci ildən başlayaraq davamlı aparılan işlər nəticəsində artıq metropolitendə sərnişindaşıma təhlükəsizliyinin daha da artırılması, sərnişin rahatlığına yeni standartların, eyni zamanda, ən müasir texnologiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır. 2015-ci ildə Rusiyanın “Transmaşholdinq” şirkətindən texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub, hər biri 5 vaqondan ibarət 3 yeni qatar alındı. 2018-ci ildə xəttə buraxılan iki yeni qatar isə 2015-ci ildə gətirilmiş eyni nəsildən olan analoqlarından üstünlüyü ilə seçilirdi. 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri önə çəkilərək əvvəlki 3 ildəkindən çox - 30 vaqondan ibarət daha 6 qatar tərkibi alınıb. 2020-ci ildə isə hər biri 5 vaqondan ibarət 4 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bununla Bakı metropoliteni xətlərində hərəkət edən ən müasir tipli qatarların sayı 15-ə çatdrılıb. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur. Onlar səssiz-küysüzdür və istilik izolyasiyası ilə diqqət çəkir. Əsas yeniliklərdən biri kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması və soyutma sisteminin daha yüksək keyfiyyət standartlarına cavab verməsidir. Yeni tipli sistemin tətbiqi ilə vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarına enerji yükləməsinə imkan verir. Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlüklərindən biri də qapıların daha enli olmasıdır. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə daxil olub-çıxması imkanlarını genişləndirir. Vaqondan-vaqona keçidin olması isə həm qatar boyu hərəkət imkanının və sərnişin paylanmasının tarazlığının təmin edilməsinə xidmət göstərir, həm də vaqonun sərnişin tutumuna əsaslı təsir edir.
Ən mühüm sosial layihənin uğurları
Yeni qatarların üstünlüklərindən biri də əlil arabası üçün xüsusi yerlərin ayrılmasıdır. Bu mənada metropoliten tarixinin ən mühüm sosial yeniliyinin tətbiqinə 2019-cu ildə başlanılması və artıq geniş şəkildə istifadəçilərinin artmasını da qeyd etmək olar. 2019-cu ilin martından Bakı metropoliteni əlil arabasından istifadə edənlər üçün də əlçatandır. Fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib. Bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir. Sifarişi mobil telefon və ya internet resursları vasitəsilə vermək mümkündür. Müəyyən səbəblərdən sərbəst hərəkət məhdudiyyəti yaranaraq, əlil arabasından müvəqqəti istifadə edən sərnişinlər də nəzərə alınıb. Belə sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Ümumən ahıllar, hamilə xanımlar, uşaq arabaları ilə hərəkət edən, əsadan istifadə edən, görmə və eşitmə məhdudiyyətli sərnişinlər, bir sözlə, zərurət yarandıqda, ehtiyacı olan istənilən sərnişin metropoliten stansiyalarının hüdudlarında bu xidmətdən faydalana bilir.
Pandemiya ilə mübarizə başlanana qədər bu xidmətin də populyarlığı, nəticədə, sifarişlərin sayının müntəzəm olaraq artmasında özünü büruzə verirdi. Eyni zamanda bu kateqoriyadan olan sərnişinlər arasında daim monitorinqlər aparılaraq xidmətin keyfiyyətinin də artırılmasına diqqət yetirilməsinə başlanılıb.
Təmirdə maksimal qənaət, səmərə və keyfiyyət
2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılarkən lokomotiv parkının, vaqonlara qulluq və təmirin ən optimal səviyyədə təmin edilməsi, iş şəraitinin maksimal tələblər səviyyəsinə cavab verməsi mühüm vəzifələrdən idi. Bu mənada təmir sahələrində aparılan yenidənqurma işləri, iş prosesinin təkmilləşdirilməsi, ehtiyat hissələrinin alınması və istifadəsində tətbiq edilən yeniliklər sayəsində texnoloji proseslərin təlimat üzrə ardıcıllığı təmin olunub, qatarların nasazlıq səbəbilə xətdən çıxarılması minimum həddə endirilib.
Metropoliten tarixində ən irimiqyaslı layihələrdən biri depo ərazisində vaqonların əsaslı təmiri sexinin istismara verilməsi oldu. Pilot layihə kimi inşa edilən sexdən çıxan qatarlar artıq sərnişinlərə xidmət edir. Əvvəllər vaqonlar əsaslı təmir üçün ölkə xaricinə çıxarılırdı. Yeni sexin qurulması təmir xərclərinə, gömrük rüsumuna, vaqonların nəqlinə, eləcə də təmirə sərf olunan vəsaitə qənaət etmək, yerli şəraitin tələbinə uyğun olaraq təmirin və modernləşdirmənin keyfiyyətini artırmaq imkanı verir, qatarlar kondisioner sistemi istisna olmaqla bütün digər yeniliklərlə təmin edilir, ən əsası, maşinist idarəetməsi avtomatlaşdırılır. 2020-ci ildə başlamış pandemiya bu vaqonların təmirində istifadə olunan bir sıra sistemlərin təchizatı ilə bağlı cari məsələləri gündəmə gətirsə də, bu iş koronavirus infeksiyası ilə mübarizənin əsas sanitar tələbləri, eləcə də Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq təmin edilir. Proqram təminatının həyata keçirilməsi isə ilk dəfə müasir İKT sistemlərinin imkan verdiyi xüsusi internet əlaqəsinin qurulması vasitəsilə optimal qaydada həllini tapıb.
Yeni sınaq yolu yeniliklərin sınaq sahəsidir
Qatarların təmirində sınaqların aparılması mühüm əhəmiyyət kəsb edir. Uzun illər həll edilməyən bir məsələ kimi “Nərimanov” elektrik deposunda sınaq yolunun istismara verilməsi metropoliten tarixinin ən əhəmiyyətli yeniliklərindən biri oldu. Artıq bu pilot layihə kimi də özünü doğruldub. Burada da metropolitenin öz bazasında istehsal edilən beton blokların tətbiqinə başlanılıb. Həmin bloklar ilk dəfə metropoliten tunellərində istifadə olunaraq Bənövşəyi xəttin “Memar Əcəmi-B-03”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzillərində, eləcə də “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının yollarından birində tətbiq edilib. Bu isə metropoliten üçün tarixi yenilik deməkdir. Çünki, ölkə xaricindən gətirilən ağac şpallardan asılılıq aradan qaldırılacaq. Həm də beton şpal daha uzunömürlüdür və qulluğu asandır. “Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni istehsal sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də “Made in Azerbaijan” brendinə bir töhfədir. Sınaq yolunun inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir “Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb.
Müasir standartlı xidmət sahələri
Ümumiyyətlə, son illlərdə “Nərimanov” elektrik deposu simasını tamamilə dəyişməklə yanaşı, mövcud istehsalat və istismar sahələrinin yeni tələblər səviyyəsində modernləşdirilməsi, texnoloji və infrastruktur yeniliklərinin tətbiqi ilə diqqət çəkir. Bu mənada avtomobil qarajının əsaslı təmiri, yeni funksional yük həyətinin qurulması iş və texnoloji proseslərin optimallaşdırılmasına gətirib çıxarıb. Yeni elektrik mühərriklərinin təmiri sexinin istifadəyə verilməsi isə, demək olar ki, bütün əsas istismar sahələrində elektik avadanlıqlarının nəinki təmiri və qulluğu, onların inventarlaşdırılması, sistemli şəkildə düzgün istifadə edilməsinə şərait yaradıb, maksimal səmərəyə nail olmağa, itkilərin azalmasına gətirib çıxarıb. Sexdə kiçik məişət avadanlıqlarının, vaqon parkı, eskalator və sanitariya qurğularının elektrik mühərriklərinin də təmiri və qulluğuna sistemli nəzarət təmin edilir. Ən müsair dəzgahların, maşın və mexanizmlərin tətbiqi ilə sexdə texnoloji proseslər ən yüksək standartlar səviyyəsinə qaldırılıb. 2017-ci ildə əsaslı şəkildə yenidən qurulmuş, müasir avadanlıqlar, iş şəraiti və iş yerlərinin təkmilləşdirilməsi, sahələrin texnoloji proseslərin ardıcıllığına uyğun qurulması ilə yeni standartlar tətbiq edilmiş qaldırma təmiri sexindən sonra əsas quruculuq işləri qatarların saxlandığı və əsas baxışın, eləcə də qulluğun aparıldığı qanovlarda davam edir. Burada istifadəyə verilən qanovlar köhnələri ilə müqayisədə bütün yeniliklərin məğzini və əhəmiyyətini əyani nümayiş etdirir. Burada həmçinin qatarların qəbul olunub yola salınması da ilk dəfə tamamilə fərqli sistemlə qurulur. Bu məqsədlə müvafiq avadanlıqlar alınaraq, bütün sistemin avtomatik, ən əsası, daha təhlükəsiz, etibarlı və səmərəli rejimdə çalışması təmin edilir.
Əsas arteriya – elektrik təchizatı yeni standartlar səviyyəsində
Təbii ki, bütün yeniliklər depoda elektrik təchizatının da optimallaşdırılmasını tələb edir. Bu məqsədlə burada faktiki olaraq heç bir tələbə cavab verməyən iki yarımstansiyanın əvəzinə uyğun sahələrdə inşa olunmaqla ən müasir tipli yarımstansiyalar istifadəyə verilib. Burada məşhur “Siemens” şirkətinin məhsulları quraşdırılmaqla, ən əsası, həm də idarəetmə sistemlərinin də bir mənbədən alınması hesabına ən optimal praktiki və funksional sistem quraşdırılıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində “İçərişəhər” yarımstansiyasının da yenidən qurulması ilə, metropolitendə “Gənclik”, “Sahil” və “Elmlər Akademiyası” yarımstansiyalarının fəaliyyəti də ən optimal tələblər səviyyədə təmin edilib.
Son illərdə metropolitenin elektrik enerjisi ilə təminatının ən yüksək tələblər səviyyəsində olmasına xüsusi diqqət edilir, davamlı yeniləşmə işləri aparılır. Ən əsası, artıq Bakı metrosu elektrik enerjisi böhranı ilə üz-üzə qalmayacaq. Bu, metro stansiyasının alternativ enerji ilə təmin edilməsi üçün yaradılan dizel-elektrik stansiyaları sayəsində mümkün olub. Layihə 2018-ci il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi xüsusi tapşırıq əsasında hazırlanaraq həyata keçirilib. Paytaxtın 10 müxtəlif yarımstansiyasında qurulmuş 17 müxtəlif güclü dizel generatoru sayəsində Yaşıl və Qırmızı xətlərin ehtiyaclarını təmin edir. Fövqəladə hallarda elektrik enerjisinin verilişi dayandıqda dizel-generatorlar işə salınaraq, stansiya və tunellərin işıqlandırılmasını, yeraltı yolların digər infrastrukturunu, elektromexaniki avadanlıqların, o cümlətən ventilyator, nasos, eskalatorların normal işini, ən əsası isə, qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisini istehsal edir. Pandemiya dövründə metropolitenin sərnişindaşıma fəaliyyəti dayandırıldığı vaxt dizel generatorların işi bir neçə dəfə real zaman rejimində qatarların hərəkəti şəraitində yoxlanılaraq, müvafiq təkmilləşdirmə işləri də aparılıb.
Mühəndis-texniki qurğuların tətbiqində fərqli düşüncə tərzi
Stansiya və tunellərdə süni havalandırmanın təşkilində ardıcıl yeniliklər tətbiq edilir. 2018-ci ilin mart ayından Bakı metropolitenində tarixi addım atılaraq, ventilyatorların il ərzində iki dəfə dəyişdirilən iş qrafiki fəsillərə uyğun prinsiplə tam yeni əsaslarla qurulub. Nəticədə ilin isti günlərində stansiyalarda, tunellərdə hərarətin 1-3 dərəcə aşağı salınmasına nail olunub. 2019-cu ildə də stansiya və tunellərdə köhnə ventilyasiya avadanlıqlarının yeniləri ilə əvəzlənməsi baxımından 7 yeni ventilyator alınaraq quraşdırılıb. 2020-ci ildə 10 yeni ventilyator alınıb və onların mərhələli quraşdırılması aparılır. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla hazırda bu işlər mərhələli şəkildə davam etdirilir. Eyni zamanda təbii havalandırmanın da ən optimal səviyyədə təmin edilməsi məqsədilə dampferlərin quraşdırılması işləri 2019-2020-ci illər ərzində davamlı olaraq aparılır və bu da havalandırma keyfiyyətini və səmərəsini artırmağa xeyli kömək edir. Ən müasir texniki baza yaradılmaqla metropoliten obyektləri, xüsusən də stansiya və tunellərdə mikroiqlim şəraitinin hər bir parametri üzrə dəqiq ölçmələri aparılaraq, monitorinqlər gündəlik olaraq daim davam etdirilir, həmçinin digər sanitariya avadanlıqları təkmilləşdirilir, yenilənir. Bu istiqamətdə ən mühüm son yeniliklər “Cəfər Cabbarlı” stansiyasında da aparılıb. Burada bütün infrastruktur tamamilə yenidən qurularaq mühəndis-texniki qurğular təkmilləşdirilir.
Qrunt suları ilə bağlı o da xüsusi vurğulanmalıdır ki, ölkə başçısı cənab İlham Əliyevin bu ilin aprelində ölkədə su təssərrüfatı ilə bağlı geniş müşavirəsindən sonra uzun illərdir Bakı metropolitenində araşdırılan bir məsələyə də yaşıl işıq yandırıldı. Artıq bir müddətdir ki, tunellərdə formalaşan qrunt sularından səmərəli istifadəni nəzərdə tutan layihə ilə bağlı iş aparan “Bakı Metropoliteni” QSC rəhbərliyinin təşəbbüsü ilə bu suların nasos qurğuları vasitəsilə yerüstü sahəyə çıxarılması və şəhərdə texniki su kimi, ələlxüsus da yaşıllıqların suvarılmasında istifadə olunmasına başlanılıb. İşlərə “Elmlər Akademiyası-Nizami” mənzilində formalaşan sularla başlanılıb və hazırda layihə genişləndirilir. Onu şəhərin bir neçə istiqamətində də tətbiqi üzərində işlər aparılır.
Dövrün tələbinə uyğun kadr hazırlığı
Metropoliten üçün maşinist peşəsi rəmzi xarakter daşıyır. Maşinisti metropolitenin siması da adlandırırlar. Bu peşə üzrə fəaliyyətin illərlə formalaşmış stereotipləri məhz 2018-ci ildə ləğv edildi. Aparıcı dünya təcrübəsi öyrənilməklə postsovet məkanında ilk dəfə məhz Bakıda metro qatarlarının maşinistləri üçnövbəli iş rejiminə keçirildi. Bu isə işin keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına daha təhlükəsiz çatdırılmasına xidmət edir. Çünki, bütün görülən işlərlə yanaşı metropolitendə birinci vəzifə hərəkətin və sərnişinlərin təhlükəsizliyidir. Bununla yanaşı Bakı metropoliteni tarixində ilk dəfə maşinistlər yeni qayda ilə – yeni qatarların idarə edilməsinin zəruri etdiyi tələblərə uyğun seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 maşinist artıq xətlərimizdə inamla qatarları idarə edirlər. Kursu müvəffəqiyyətlə bitirənlər arasında Bakı metropoliteni tarixinin ilk qadın maşinisti də var. Artıq 2020-ci il ərzində ikinci belə kurs fəaliyyətə başlayıb. Pandemiya şəraiti ilə əlaqədar mart ayının əvvəlində başlamış kursun nəzəri hissəsinin bir qismi onlayn virtual qaydada təmin edilsə də, yay aylarında metropolitenin sərnişindaşıma fəaliyyəti bərpa edildikdn sonra 6 müdavim uğurla bütün mərhələləri keçərək, maşinist peşəsinə yiyələnib.
Bu xüsusda metropolitendə təlim və tədris prosesinə keyfiyyətcə yeni baxışın gətirilməsi qeyd olunmalıdır. Spesifik sahələri ətrafında cəmləmiş metropoliten sistemində işçilərin peşə səviyyəsinin artırılması, peşə hazırlığı, yeni biliklərin mənimsənilməsi və tətbiqi həmişə gündəmdə olub. 2014-cü il sentyabrın 16-dan metropoliten tarixində ilk dəfə tədris mərkəzi fəaliyyətə başladı. Lakin dövrün tələbləri tam başqadır. Bu səbəbdən tamamilə fərqli bir mərkəzin qurulması zəruri idi. Yenidən qurulan mərkəzdə metronun bütün sahələri haqqında məlumat almaq, bilikləri artırmaq, həm də bu mürəkkəb sahəni dərindən öyrənmək mümkündür. Binanın tarixi və memarlıq üslubu qorunmaqla, ötən onilliklər ərzində pərakəndə şəraitdə yaradılmış otaqlar ləğv edilib və tədris prosesinin təşkilinin xüsusiyyətləri nəzərə alınmaqla, yeni tədris mərkəzi qurulub. Hər sahə üzrə fərdi tədris otaqları da müvafiq vəsaitlərlə, auditoriyalar lazımi avadanlıqla, o cümlədən kompüter və audiovizual texnologiyalar, elektron, multimedia və digər müasir texniki vasitələrlə təmin edilib, təlimatçı-müəllimlərə otaqlar və guşələr ayrılıb. Metodiki laboratoriya, kitabxana, audio-videoteka tədris prosesinin mükəmməl səviyyədə təşkilinə imkan yaradıb. Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Bakı metropoliteninə yalnız ən müasir, texnoloji innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub qatarlar alınır. Bu səbəbdən qatar maşinistlərinin avtomatlaşdırılmış qatarların tələblərinə uyğun yenidən ixtisaslaşdırılması, eləcə də yeni nəsil maşinistlərin hazırlığı prosesi "81-765" tipli qatarların bazasında yaradılmış trenajorda aparılır. Trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Dövrün tələbinə uyğun yeniləşmiş platforma növbətçisi peşəsi üzrə kadr seçiminə də məhz 2020-ci ildə start verilib. Seçilən kadrların təlimləri hazırda davam edir. Həmçinin metropolitendə təcrübə mübadiləsi aparılmaqla ən yeni kadrların hazırlanması layihəsi də başlanıb. Bu layihənin gələcəkdə pandemiya ilə mübarizənin şərtləri nəzərə alınmaqla ali və ixtisas təhsil ocaqları ilə davam etdirilməsi də planlaşdırılır.
Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələr təlim-tədris mərkəzində təlimlərin həyata keçiriləcəyi ən əhəmiyyətli sahələrdir. Hər bir guşə əhatə etdiyi sahənin özəlliklərini, texniki xüsusiyyətlərini özündə əks etdirməklə ən müasir texnoloji tələblər səviyyəsində əyani vəsaitlərlə təchiz edilmiş nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır.
Ənənə üzrə Yaxın Şərqin ilk metro xəttinin istifadəyə verilməsi və noyabrın 8-i – Metropoliten işçilərinin peşə bayraçı günü vüsətlə qeyd olunur. Çünki daim sərnişinlərinə nümunəvi xidmət göstəməyə çalışan metropolitençilər bu tarixi böyük əmək zəfərləri, yenilikləri ilə alnıaçıq qarşılayıblar. Elə bu səbəbdən 8 Noyabr tarixi metropolitençilər üçün bir hesabat günüdür. Builki peşə bayramını da xüsusi nailiyyətlərlə qarşılamağa hazır olan metropoliten kollektivi “COVID-19” virusu təhlükəsinin hələ də mövcud olduğu bir şəraitdə bu nailiyyətlərini sərnişinləri və geniş ictimaiyyətlə yaxın gələcəkdə bölüşəcəyinə ümid edir. Bu gün koronavirusla mübarizədə cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” devizinin hər birimizdən tələb etdiyi daha da böyük məsuliyyətlə bütün çətinliklərə birlikdə qalib gələcəyimizə, tezliklə, böyük sevincimizi birlikdə paylaşacağımıza əminik. Axı, bu günlər həm də ölkəmizdə böyük zəfər tarixi yazılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz qələbə marşının sədaları altında ən yeni tariximizin səhifələrini yazır. “Bakı Metropoliteni” QSC-nin kollektivi bu tarixi günlərdə Ali Baş Komandanımızın başçılığı ilə birlik nümayiş etdirən zəfərlərə addımlayan xalqın bir parçası, ordunun dəstəkçisi olmaqdan qürur hissi keçirir.
NEWSCENTER.AZ