Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş prokuror Qarabağda döyüşən terrorçularla bağlı BMT komissarına müraciət edib



Newscenter.az.10.11.2020. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.

Baş prokuror bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilmişdir.

Həmçinin diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkələrin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.

Bununla bağlı, Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanmışdır.

Belə ki, Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.

Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilmişdir ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq etmişdir.

Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.

Eyni zamanda, Baş Prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd etmişdir.

Həmçinin, diqqətə çatdırılmışdır ki, hazırki vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağılasığmaz” kimi qiymətləndirilmişdir.

Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanmışdır.

Qeyd edilmişdir ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

Baş Prokuror, həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş etmişdir.
Xəbəri paylaş