Newscenter.az.17.11.2020. 44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin gücü və xalqın öz Ali Baş Komandanına inamı, onun ətrafında sıx birləşməsi sayəsində qələbə ilə başa çatdı. Lakin qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi, eyni zamanda Rusiyanın atəşkəsin əldə olunması üçün münaqişədə neytral mövqe tutması bu qələbədə xüsusi rol oynamışdır.
Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi.Vətən müharibəsinin getdiyi bir dönəmdə Türkiyənin bir daha qəti mövqe nümayiş etdirməyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Hər zaman olduğu kimi Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən bu gün də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir.Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təchiz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər.Rusiyanın bölgədə olması bu günün labüd şərtidir və Rusiyanın bölgədə olmasından narahat olanlar unutmasınlar ki, Rusiya 90-cı illərdən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. 28 ilə yaxındır ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. İstər Rusiya, istərsə də Türkiyə ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
Bu qələbə və imzalanmış bəyanat azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı