Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Vvətəndaşlarımızın şüurunda bəzi köhnə deputatlarla bağlı stereotiplər qalıb və hamını eyni arşınla ölçürlər"

Jalə Əhmədova: "Vvətəndaşlarımızın şüurunda bəzi köhnə deputatlarla bağlı stereotiplər qalıb və hamını eyni arşınla ölçürlər"


Newscenter.az.19.11.2020. Son günlərdə sosial şəbəkələrdə Bakı şəhəri Nizami rayonunun deputatı Konul Nurullayeva barədə yalan məlumatlar yayılır. Güya ki, bir Şəhid ailəsinin evinə ayaqqabı ilə girib, hörmətsizlik edib. Bu məlumatın yalan olduğuna əmin olduğum üçün bu yazını yazmağı özümə borc bilirəm və ən azından məni izləyən seçicilərimə doğruları çatdırmaq istəyirəm.

Könül Nurullayeva ilk öncə bir Azərbaycanlı qızıdır, xanımıdır, o, bir anadır! Niyə biz özümüzdən olanlara qarşı bu qədər aqressiv, bu qədər qınaqçı yanaşırıq?! 34 yaşlı bir xanımı tanımadan, bilmədən, bu günə kimi yaşadıqlarından xəbərimiz olmadan, söyüş, təhqir atəşinə tuturuq. Unutmayaq ki, Könül xanımın ailəsi oxuyur bütün yazılanları. Heçmi düşünmürük ki, onlar nə qədər psixoloji travma alırlar?! Məmurdu deyə kim nə istəsə yaza bilər?! Özümüzdə bu haqqı hardan görürük? Bilirsinizmi, hər şey göründüyü kimi asan deyil! Ailənin 3-4 üzvünün problemini həll etməkdə insan aciz qalır, o ki qalsın yüz minlərlə insanın problemi ilə hər gün üzləşəsən. Özüdə qeyd edim ki, əksər hallarda Azərbaycan Respublikasının Konstitusiyası ilə deputatın səlahiyyətinə aid olmayan problemlər.

Deputat işə düzəldən deyil, ev verən deyil həmçinin maddi yardım üçün dövlət tərəfindən ayrılmış bir büdcəyə sahib deyil. Nə edirsə öz halal əmək haqqısından, öz ailəsinin, əzizlərinin dəstəyi ilə edir. Ən azından VI-cı çağırış olan gənc deputatların yerinə bunu əminliklə deyə bilərəm. Bizlər də sizlər kimi sıravi vətəndaşıq. Sıravi ailələrdə böyüyüb tərbiyyə almışıq. Hər birimizin sizlərin bilmədiyi öz çətinliklərimiz, problemlərimiz var. Bu boyda əhali qarşısında məsuliyyətimiz var. Bizlərdə istəyərik ki, əhalimizə hər dəstəyi verək, hər problemlərini həll edək və bizi sevib hörmət etsinlər. Lakin bütün bu işləri görmək asan deyil. Kənardan pisləmək, tələb etmək, təhqir və qeyri-sağlam tənqid etmək çox asandır.

Təəssüf ki, vətəndaşlarımızın şüurunda bəzi köhnə deputatlarla bağlı stereotiplər qalıb və hamını eyni arşınla ölçürlər. Tənqid edin, burda bir problem yoxdur, hətta inkişaf üçün bu gərəklidir, lakin təhqir etməyin! Olmaz! Günahdır! Hamını Allahımız yaradıb, hamı Allahına cavab verəcək. Heç kim heç kimə hakim ola bilməz. Bu yalnız yaradana məxsusdur.

Əmin olmadığınız məlumatları yayaraq, təhqirlərinizlə tanımadığınız bir xanımın ləyaqətini təhqir etdiyiniz üçün günaha batırsınız. Bu 8 ayda Könül xanım və digərləri bir çox işlər görüblər seçiciləri üçün. Niyə təhqirlərimizlə onları məyus edirik və beləliklə həvəsdən salırıq?! Bu günə kimi gördüyünüz pis məmurlarla müqayisə edək heç olmasa və beləliklə daha ədalətlə danışaq.

Şanlı qələbəmizlə yekunlaşan 44 günlük müharibə bir daha sübut etdi ki, güc birlikdədir, bir birimizin dəyərini bilməkdə və dayaq olmaqdadır. Dağıtmaq, sındırmaq, məhv etmək o qədər asandır ki. Mərdlik qoruyub saxlamağı, dayaq olmağı bacarmaqdadır! Sonda onu söyləmək istəyirəm ki, özümüz özümüzə balta vurmayaq, unutmayaq ki hər bir deputat, məmur və xüsusəndə xanımlarımız - Azərbaycanlıdır!

Jalə Əhmədova-Milli8 Məclisin deputatı
Xəbəri paylaş