Newscenter.az.7.01.2021. Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 66-ci yeri tutub.
“Report”un məlumatına görə, bu barədə “Speedtest Global Index” hesabatının noyabr ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 117-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, son 12 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 30,26 Mb/saniyədən 31,45 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 21,20 Mb/san- dən 23,04 Mb/san-ə qalxıb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 1 pillə geriləyərək 66-cı olub. Sabit internetin sürətində isə 13 pillə irəliləyib və 117-ci olub.
Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub. BƏƏ-də mobil internetin sürəti 170,30 Mb/san, Cənubi Koreyada 166,70 Mb/san, Qətərdə isə 159,66 Mb/san təşkil edib.
Ən sürətli sabit internet isə Sinqapur, Honq-Konq və Taylanddadır. Sinqapurda stasionar telefon ilə internetə 241,10 Mb/san-yə qoşulmaq mümkündür. Honq-Konqda sabit internetin sürəti 222,92 Mb/san, Taylandda isə 213,14 Mb/san-dir.
Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Fələstindədir. Belə ki, Əfqanıstanda mobil internetin sürəti 6,31 Mb/san, Venesuelada 7,15 Mb/san, Fələstində isə 7,40 Mb/san təşkil edib. Stasionar telefonla sabit internetin sürətinə görə reytinqin sonuncuları Türkmənistan, Yəmən və Əlcəzairdir. Türkmənistanda bu sürət 3,47 Mb/san, Yəməndə 4,52 Mb/san, Əlcəzairdə isə 4,99 Mb/san təşkil edib.