Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafada qanunvericiliyin tələblərini pozan ət satışı məntəqəsi bağlanıb



Newscenter.az.23.01.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur rejiminə əməl olunmadığı, eyni zamanda baytarlıq-sanitariya və texniki normativ sənədlərin tələblərinə əməl olumadığı müəyyən olunub.

Məlum olub ki, mağazada sanitar qovşaq, mərkəzləşdirilmiş kanalizasiya və su təminatı sistemi mövcud deyil, havalandırma sistemi quraşdırılmayıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Ət satışı məntəqəsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Orxan
Xəbəri paylaş