Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb

Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb


Newscenter.az.20.02.2021. BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü keçirilib.

Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ECOSOC-un prezidenti Münir Əkrəmin moderatorluğu ilə keçirilən və dünyanın 20-dən çox ölkəsindən nümayəndənin iştirak etdiyi videokonfransda BMT-nin Baş katibi Antoniu Quterreş açılış nitqi ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü münasibətilə dünya liderləri "zorakılıq, insan haqları pozuntuları, korrupsiya, marginalizasiya, hər cür ayrı-seçkilik, yoxsulluq və təcrid, həmçinin savadsızlıq, işsizliyin kök səbəblərini aradan qaldırmağa" dair ümumi razılığa gəliblər. İrqçiliyə qarşı müxtəlif beynəlxalq insan haqları sənədlərində, 2030-cu ilədək davamlı İnkişaf Gündəliyində, 75-ci ildönümü Bəyannaməsində və digər müvafiq sənədlərdə göstərilən tədbirlər bu gün hər zamankındən daha aktualdır. Eyni zamanda, Baş katib hər cür ayrı-seçkiliyin, sistem bərabərsizliyinin kök səbəblərini aradan qaldırmasının vacibliyinə toxunub.

Videokonfransda çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mövzusunun əhəmiyyətini vurğulamaqla qeyd edib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2016-cı ildə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Müstəqil Azərbaycan dövlətinin ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyasında dünyəvi dövlət modeli təsbit olunub. Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq və multikultural dəyərlərə söykənir. Azərbaycan çoxmilllətli və çoxkonfessiyalı ölkədir.

Əhalisinin sayında müsəlman çoxluğu olmasına baxmayaraq, müxtəlif azlıqda dini icmaların sülh və dostluq şəraitində birgə yaşadığı dövlət kimi Azərbaycanın dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı ölkələr sırasında önəmli yer tutduğu diqqətə çatdırılıb. Komitə sədri bildirib ki, daim dinlər və mədəniyyətlərarası dialoqu təşviq edən, bu mövzuda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda hazırda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 963-ə çatıb. Ölkə ərazisində mövcud iki mindən yuxarı məscidlə yanaşı, 14 kilsə, qədim Azərbaycan dövləti Qafqaz Albaniyasına aid tarixi kilsələr, 7 sinaqoq, Zərdüştlük dininə aid Atəşgah məbədi və müxtəlif dinlərə aid ibadət yerləri fəaliyyət göstərir.

Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin, eyni zamanda qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsinin dialoqa və dinc birgəyaşayışa mane olduğu xüsusi qeyd olunub. Çıxış zamanı o da bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb. Təsadüfi deyildir ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrini “kabuslar şəhəri”, “kiçik Xirosima” adlandırıblar. M.Qurbanlı erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edərək, münaqişəni dini müstəvidə təqdim etməyə çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi və s. dinlərin, eləcə də 30 mindən çox erməni millətinin nümayəndələrinin də sərbəst yaşadığı, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğu hamıya məlumdur.

Çıxışının sonunda Komitə sədri hazırda dinlərin insanlara verəcəyi əsas töhfə olan vəhdət və harmoniyanın təmin edilməsinin, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Mehman
Xəbəri paylaş