Newscenter.az.8.04.2021. Aprelin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər komitəsinin 57-ci iclası keçirilib. Onlayn formatda təşkil edilmiş videokonfransda Azərbaycan Parlamentini QDİƏT PA sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü olaraq millət vəkili Jalə Əhmədova iştirak edib.
Newscenter.az Milli Məclisin deputatı Jalə Əhmədovaya istinadən xəbər verir ki, millət vəkili tədbirdə “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: hüquqi aspektlər” mövzusunda məruzə ilə çıxış edərək insanlıq əleyhinə olan hər cür zorakılığın aradan qaldırılması məsələsinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, ölkəmizin BMT-nin İnsan Alverinə Qarşı Mübarizə Konvensiyasını ratifikasiya etdiyini, BMT-nin məlum konvensiyalarının müddəalarını və onların protokollarını həyata keçirmək üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb:
"Məruzəmdə, Azərbaycanda insan alverinə qarşı mübarizənin səmərəliyini artırmaq üçün mükəmməl bir qanunvericilik bazası formalaşdığını, insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilərək 14 normativ akta əlavə və dəyişiklik edildiyini, bu cinayətlərdən zərər çəkmiş şəxslərə verilən müavinətlərin 400 manatdan 700 manatadək artırıldığını, habelə dövlətimizin başçısının 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətini qeyd etdim".
Deputat ötən ilin əvvəlindən bütün dünyanı cənginə alan pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejiminin insan alverinə qarşı mübarizə tədbirlərinə də təsirsiz ötüşmədiyini, lakin buna baxmayaraq, bu sahədə həyata keçirilən və maarifləndirici xarakter daşıyan tədbirlərin onlayn - videokonfrans formatında təşkil edildiyini vurğulayıb:
"İnsan Alverinə Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı çərçivəsində qarşıya qoyulmuş vəzifələrin bu gün uğurla həyata keçirildiyini diqqətə çatdırdım".
Ruhiyyə