Fitrə zəkatı imkanı yetən kimsənin Ramazanın sonuncu günü orucunu açdıqdan növbəti gün bayram namazınadək olan müddət ərzində verdiyi sədəqə hesab olunur.
Bu müddət ərzində fitrə zəkatını verə bilməmək ehtimalı vardırsa, yaxud uzaq məsafədə yaşayan kimsələrə zəkat vermək niyyət edilibsə, bayramdan bir neçə gün əvvəl (çatdırılma şəraitini nəzərə almaqla Ramazanın ilk günündən, yaxud yarısından bu sədəqəni çıxmağın mümkünlüyü haqqında görüşlər mövcuddur. Amma indi dövr dəyişib, kommunikasiya və çatdırma işi sürətlənib, - bu fakt nəzərdən qaçırılmamalıdır) bu sədəqəni vermək mümkündür.
Fitrə zəkatı hədisdə qeyd edilmiş məhsullardan (buğda, kişmiş, xurma, yağsız pendir) verildiyi kimi, bu məhsulların sayını artırmaq (ət, düyü, yağ, makaron...), eləcə də məhsulları pulla əvəzləmək mümkündür. İslam şəriətinin məqsədlərini nəzərə alsaq, vasitələrə deyil,məqsədə, qayəyə, hikmətə köklənsək, fitrə zəkatının pulla verilməsi daha münasibdir. Keçmişdə Həsən əl-Bəsri, Əta, Süfyan əs-Sövri, Ömər ibn Əbdüləziz, İmam Əbu Hənifə və Şeyxülislam İbn Teymiyyə, müasir dövrdə Şeyx Yusif əl-Qərdavi fitrənin pulla verilməsini bildirmişlər.
Fitrə zəkatının verilməsindəki əsas məqsədlərdən biri imkansızları, yoxsulları bayram sevincinə ortaq etmək, onları da sevindirmək, sosial bütövləşməni təmin etməkdir. Yəni, elə etmək lazımdır ki, yoxsul da bayramı keçirə bilsin.
Üstəlik, Peyğəmbərin dövründə qidalanma pulla deyil, tədavüldə olan və asanlıqla əldə edilən məhsullarla təmin edilirdi. İnsanların daha tez qidalanmaları üçün pula deyil, hazır məhsula ehtiyacı vardı. Həmçinin əmtəəni əmtəə ilə dəyişmə faktı da o dövr haqqında daha düzgün təsəvvür yaradır.
Bir sözlə, ehtiyacı ödəmək qidalarla, yeməklərlə yanaşı, pulla da mümkündür. İstəyən bayramı keçirmək üçün lazım olan ərzaq və qida məhsulları ilə, istəyən də pulla bu sədəqni çıxa bilər.
Hazırda biz bazarda təxminən 2.6 kq buğdanın, arpanın, düyünün, xurmanın, kişmişin qiymətini nəzərə alsaq və ortalama qiymət çıxarmağa çalışsaq, fitrə zəkatının 7-12 manat arasında dəyişdiyini deyə bilərik.
Elvusal Məmmədov-ilahiyyatçı