Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı vəziyyətin detallarına tam dəqiqlik gətirdi. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması və dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində İrəvanın verdiyi vədlərdən boyun qaçırmasınım hansı sonluqla bitəcəyinin anonsunu verdi.
Cənab Prezident bildirdi ki, biz beş prinsip əsasında sülh müqaviləsi imzalanmasını təklif etmişik və təkliflər paketi masadadır. Əgər Ermənistan sülh müqaviləsi imzalamaqdam imtina edərsə, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik.
Bu nə deməkdir?
Məlumdur ki, Ermənistan adlı ölkənin ərazilərinin əksər hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Kürəkçay müqaviləsindən başlayaraq 200 ildə Azərbaycan torpaqlarına sığınan ermənilər bizim torpaqlar hesabına Cənubi Qafqazda özlərinə yer ediblər. Gülüstan və Türkmənçay müqaviləindən sonra kütləvi şəkildə Zəngəzura, Göyçəyə, İrəvana, Qarabağa daha geniş ayaq açıblar. Sovetlər Birliyi yarandıqdan sonra isə bizim tarixi inzibati ərazilərimizdə özlərinə dövlət qurublar.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi XIX əsrdə imzalanmış müqavilələri və keçmiş Sovet imperiyasının Azərbaycandan qoparıb
Ermənistana verdiyi torpaqların inzibati ərazisi və coğrafi sərhəd hüdudları beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Bütün dünya ictimaiyyəti, ekspertlər də yaxşı bilirlər ki, vaxtilə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar sayəsində və bizim ərazilərimiz hesabına Ermənistan adlı qondarma dövlət qurulub. 1918-ci ildə İrəvanın, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi Azərbaycan Respublikasının tarixi-hüquqi ərazilərinin qoparılması, sərhədlərinin zorla dəyişdirilməsidir. Həmçinin, 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurumun Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması tarixi haqsızlığın bariz nümunəsidir.
Tarixin müxtəlif dövrlərində müstəqil respublikalar siyasi ittifaqlarda, birlikdə birləşiblər, ancaq onların hər birinin ərazi və sərhəd bütövlüyü olduğu kimi qalıb. Keçmiş Yuqoslaviya yarananda bu ittifaqa daxil olan ölkələrin əraziləri ittifaq dövründə və birlik dağıdıqdan sonra olduğu kimi qaldı. Böyük Britaniya, Norveç Krallığına daxil olan ölkələrin sərhəd toxunulmazlığı beynəlxalq hüquqla tam təsbit olunub. Azərbaycan isə dünya miqyasında ərazilərinin bir hissəsi zorla Ermənistana verilmiş dövlətdir.
Bütün bunların hər biri təkzibolunmaz yaxın dövrün tarixi faktlarıdır.
Beləliklə, Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınması bizi öz tarixi torpaqlarımıza sahib olmağımızı rəsmən hüquqi çərçivədə təmin etmək istiqamətində prosedurları başlatmağımıza zəmin yaradır.
Cənab Prezidentin biz “rəsmi şəkildə bəyan edəcəyik” dedikdə də məhz Azərbaycana məxsus olan torpaqlarımızla bağlı rəsmi hüquqi addımların atılacağını nəzərdə tutur. “Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız” deməklə Zəngəzur, Göyçə, Basarkeçər üzərində tarixi ədalətin bərpa olunmasına, yüz minlərlə soydaşımızın ora geri qayıtması üçün ən qəti tədbirləri görəcəyinin mesajını verir.
Cənab İlham Əliyev hələ ötən il azad edilmiş Kəlbəcər rayonuna səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq əli ilə qədim Göyçə mahalını, Basarkeçəri göstərmiş və bu ərazilər də bizimdir demişdi. “Bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur” deyən Qalib Sərkərdə bu bəyanatı ilə bizi Göyçə mahalına, Zəngəzura daha da yaxınlaşdırır.
Bütün tarix boyu azərbaycanlıların məskəni olan Basarkeçərin 32 kəndinin hər birində biz azərbaycanlılar yaşamışıq, cəmi 1000-1200 erməni şəhərin özündə yaşayıb. Göyçə mahalı, Basarkeçər həm də Ulu Öndər Heydər Əliyevin çox sevdiyi, xüsusi diqqət ayırdığı doğma ərazilərimizdir. Göyçəlilərin də Ulu Öndərə həmişə böyük məhəbbəti, dərin etimadı olmuşdur. Heydər Əliyev rəhbər vəzifələrdə olduğu zaman onların arxa-dayağı olub, diqqət və qayğısını əsirgəməyib, ermənilərin saxtakarlıqlarının qarşısını alıb. Dədə Ələsgərin büstünü ucaltdırıb, qədim tariximizə, ənənələrimizə sahib çıxıb.
Təəssüf ki, Ulu öndərin Qorbaçov rejiminə etiraz edərək vəzifədən getməsindən sonra ermənilər Göyçə mahalında yaşayan soydaşlarımıza qarşı məkrli planlarını həyata keçirdilər, yüz minlərlə azərbaycanlı qədim torpaqlarından deportasiya olundu.
Cənab Prezidentin “Biz bunu rəsmən bəyan edəcəyik” ültimatumu bizim Zəngəzur, Göyçə, Basarkeçər üzərində oz həqiqi sahiblik hüququmuzu bərpa etmək üçün indi həqiqətən də tarixi-siyasi reallıqdır.
Onu da qeyd etmək istərdim ki, son günlər Ermənistanda revanşist qüvvələrin sülh prosesini pozmaq cəhdləri və Azərbaycana qarşı əvvəlki ərazi iddialarını davam etdirməsi bizim də adekvat hüquqi addımlar atmağımıza səbəb ola bilər. Çünki o torpaqlar bizimdir və bizim də öz tariximizə sahib çıxmaq haqqımız var. Gec-tez biz öz haqqımızı əldə edəcəyik.
Biz Göyçəyə, Zəngəzura qayıdacağıq!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki