Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna üzərindəki Qərb-Rusiya savaşının gələcəyi

Ukrayna üzərindəki Qərb-Rusiya savaşının gələcəyi


Ukrayna üzərindəki Qərb-Rusiya savaşının gələcəyi ilə bağlı qeyri-müəyyənlik, nəhayət ki, aradan qaldırılmaqda və real çözüm yolları üzərindəki sirr pərdəsi götürülməkdədir.

ABŞ “dərin dövlət”inin əsas siması sayılan, “pərdəarxası razılaşmalar ustası” adlandırılan və bütün kritik situasiyalarda da Amerikanın əsas rəqibləriylə, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə görüşüb danışmaq səlahiyyətinə malik Henri Kissincer Davos Forumundakı çıxışı zamanı Qərbin hzırki Rusiya siyasətini açıq şəkildə tənqid edərək, bildirib ki, fəlakətdən yayınmaq və sülh əldə etmək üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir: “Yaxın iki ay ərzində danışıqlara başlanılmalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı... Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə Avropanın güc balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa itələməməlidir”.

Əlbəttə, Henri Kissincerin kimliyini anlamayanlar, o cümlədən Azərbaycanda müalicəsi olmayan bir xəstəliyə - axmaqlığa tutulmuş və bu səbəbdən onların könlündən keçəni deməyənləri dərhal təhqir edib aşağılayan, sürü psixologiyasına sahib sosial şəbəkə istifadəçiləri üçün yuxarıda səsləndirilən fikirlərin heç bir əhəmiyyəti yoxdur. Ona görə də dünəndən bəri, həmişəki axmaqlıqlarıyla hətta Kissinceri belə, “rusbaş” çıxarıb, söyməyə başlayıblar...

Ancaq Kissinceri oxuyanlar, bilənlər anlayır ki, Amerika siyasətinin artıq 100 yaşını haqlamaq üzrə olan patriarxı və dünyanın 100 intellektual adamı sırasında birinci yeri tutan bu yəhudi əsilli nəhəng strateq, mövcud nizamın memarlarından biri belə bir Forumda müharibəni dayandırmaq və sülh üçün də Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsinin gərəkliyinə çağırış edirsə, deməli, post-münaqişə dövründə qurulacaq yeni dünya nizamında da Ukrayna, ən yaxşı halda, bölünmüş ölkə olaraq nəzərdən keçirilir. Yəni, qısa desək, Ukrayna Avropa İttifaqının bir parçasına çevrilmək istəyirsə, Rusiyanın ələ keçirdiyi torpaqların itirilməsiylə barışmalıdır.

Yeri gəlmişkən, Kissincerin bu mövqeyi təkcə ABŞ-da yox, Avropada da geniş dəstək qazanmaqdadır. Avropalı analitiklərin bir qismi artıq o qənaətdədir ki, 46 milyonluq Ukraynada say etibarilə ikinci əhali ruslardır, onlar Ukraynanın şərqində və Krımda kompakt şəkildə yaşayırlar və Ukraynanın bütöv şəkildə Avropa İttifaqına qəbulu gələcəkdə rus kəşfiyyatının Avrozonada hərəkətini, birliyin işinə müdaxiləsini xeyli asanlaşdıracaq. Ona görə də onlar Ukraynanın pravoslav rusların yaşadığı Şərqiylə birgə deyil, yalnız bölünərək, daha çox katolik məzhəbinə riyaət edən, ukraincə danışan Qərb hissəsinin Avropa İttifaqına cəlbində maraqlıdırlar.

Bir daha xatırladırıq ki, Qərbə üz tutmağı rəsmi siyasətə çevirəcəyi təqdirdə, Ukraynanı məhz belə bir aqibətin gözləyəcəyini ilk dəfə nüfuzlu amerikalı alim Samuel Hantinqton hələ 1996-cı ildə çap olunan “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” adlı kitabında yazmışdı...

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş