Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgələrdə qızların əksəriyyəti orta məktəbdə oxuyarkən erkən izdivaca girirlər

Bölgələrdə qızların əksəriyyəti orta məktəbdə oxuyarkən erkən izdivaca girirlər


Hələ də bölgələrdə, hətta iri şəhərlərdə qız qaçırma ənənəsi davam etməkdədir. Bəziləri bu məsələdə imkansızlığı, valideynlərin bu izdivaca razı olmadığını əsas gətirir. Lakin qızların zorla qaçırılaraq, ailə qurulması faktları da az deyil. Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə kimi hallar zorakılıqda ən çox müşahidə edilən hallardır. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu, bütün cəmiyyətə təsir edir.

Qeyd edim ki, qanunvericilikdə qız qaçırtma adam oğurluğu kimi dəyərləndirilir və cinayət hesab olunur. Xüsusən də qaçırılan qız yetkinlik yaşına çatmayıbsa, cəza daha da ağır olur.

Əvvəllər qızların demək olar ki, hamısı özləri oğlana qoşulub gedirdi. Təbii ki, bununla bağlı heç bir cinayət məsuliyyəti nəzərdə tutulmurdu. İndi də qızın razılığı ilə baş verən qaçırılma hallarında heç bir məsuliyyət nəzərdə tutulmur. Burada əsas məsələ qızın yetkinlik yaşına çatmasıdır. Biz belə hallarla da qarşılaşmışıq ki, qız könüllü şəkildə qoşulub qaçır, sonra isə deyir ki, məni zorla qaçırıblar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin birinci bəndinə əsasən evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Əgər sırf tamah məqsədilə bu hadisə baş verirsə, o zaman qaçıran şəxsi 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Bəzən belə bir hal da yaşana bilər ki, qızı qaçıran şəxs ona xəsarət yetirsin. Bu zaman qaçırılan şəxsin ölümünə səbəb olan şəxs 10 ildən 15 ilə qədər həbs oluna bilər. Təbii ki, bu cəza qaçırılma hadisəsi qızın razılığı olmadan baş verərsə, tətbiq oluna bilər. Bizim cinayət məcəlləsinə görə yetkinlik yaşına çatsa da, çatmasa da zorla qız qaçırılması adam oğurluğu kimi dəyərləndirilir.

Lakin cəmiyyətdə qız qaçırılmanı adam oğurluğu hesab edilməsinin əksini düşünənlər də var. Bəzi insanlar evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə narazılıq ifadə edirlər. Bəziləri düşünür ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Bir var, tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün olmamasını düşünən əksər halda ahıl yaşlı insanlardır. Qız qaçırtma cəmiyyətdə hansı problemlərə yol açır? Gənclər və ailələr sonradan hansı problemlərlə üzləşir?

Bu məsələyə sosial problem, valideyn və övladları arasında uçurumun nəticəsi kimi yanaşmaq lazımdır. Mən bu məsələyə sosial problem, valideyn və övladları arasında uçurumun nəticəsi kimi yanaşıram. Münasibət uçurumları sonda gəncləri anlaya bilməməyə, onların sevgisinə mane olmağa və nəticədə bir sıra problemlərə gətirib çıxarır. Lakin çox az hallarda qızın iradəsinə zidd olaraq, onun qaçırıldığına rast gəlirik.

Yəni bu bir faktdır. Əlbəttə ki, qızın istəyi olmadan onun qaçırılması, oğurluq, cinayət hadisəsidir. Heç kəsin qızın izni, könlü, sevgisi olmadan onu qaçırmağa nə mənəvi, nə hüquqi ixtiyarı yoxdur və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bir daha qeyd edirəm ki, çox cüzi hallarda qızın istəyi olmadan qaçırılır. Əsasən daha çox bu cür hallarda baş verir - iki gənc bir-birini sevir, amma onların sosial problemləri var, eyni zamanda valideynlərin razılığı yoxdur, bu zaman qaçırılma planı hazırlanır. Tarixən hər zaman bütün ölkələrdə bəzi valideynlər gənclərin izdivaclarına qarşı çıxıb. Eləcə də Azərbaycanda valideynlər izdivaca razı olmayanda gənclər son çıxış yolu kimi qaçırılmanı üstün tutur. Olur ki, valideynlər uzun müddət övladlarını buna görə bağışlamır, üz çevirir, hətta övladlıqdan silir və sairə. Bu zaman gənclər müəyyən psixoloji və sosial problemlər yaşayır və bu yaşayışlarına da təsir edir. Xüsusən də qız getdiyi ailədə də psixi təsirlərə məruz qalır. Bəzən zorakılıqla üzləşən qızlar yenidən öz valideynlərinin yanına geri dönə bilmir, çünki ”bu yolu özbaşına seçib". Bir sözlə, çoxlu sayda fəsadlar yarana bilər. Ona görə də ilk növbədə çalışmaq lazımdır hər iki ailə barışsın. Çünki artıq hər şey olub keçib.

Qeyd edim ki, bölgələrdə qızların əksəriyyəti orta məktəbdə oxuyarkən erkən izdivaca girirlər. Bunun qarşısını almaq üçün məktəblərdə seminar və treninqlər təşkil olunmalı, daim psixoloq uşaqlarla bu barədə söhbət etməli və ailə həyatı haqqında onlar məlumatlandırılmalıdır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş