“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 40-cı iclası keçirilib.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, videokonfrans formatında keçirilən tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar mütəxəssislər tərəfindən təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 12 adda aqrokimyəvi maddə, 41 adda pestisid və 3 adda feromon, təkrar qeydiyyata alınan 11 adda aqrokimyəvi maddə və 6 adda pestisid olmaqla, ümumilikdə 70 adda preparatın və 3 adda feromonun dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 24 adda aqrokimyəvi maddə və 15 adda pestisid olmaqla, toplam 39 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi Qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 5 adda (3 adda aqrokimyəvi maddə, 2 adda pestisid) preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edilib və onların dövlət sınağına göndərilməsi məqsədəuyğun hesab edilməyib.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 5 adda preparatla bağlı imtina qərarı verilib. Bundan başqa, Ekspert Şurası üzvləri tərəfindən dövlət sınağına göndərilən feromonun (və ya feromon tələlərin) tarla və istehsalat sınağı müddəti üçün 5-6 ay yerinə, 1-2 aylıq müddətin yetərli olduğu barədə, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim olunan sənədlərlə bağlı tələblərin sadələşdirilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.