Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək.
Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib.
Səfər Ermənistanla Azərbaycan arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində danışıqların, gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi, Aİ-nin tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyi çərçivəsində baş tutacaq.
Barend Leyts Ermənistan və Azərbaycanla bağlı bəyanatında bildirib ki, iki ölkə arasında ötən günlərdə yaşanan gərginlik kontekstində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel qurumun Cənubi Qafqazda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan regionu təşviq etmək üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu bir daha vurğulayıb.
Qeyd olunur ki, Şarl Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini önə çəkib. O, İrəvan və Bakı rəhbərliyini alqışlayıb, danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin təmin edilməsində xoş niyyətlə iştirak etmək niyyətini bəyan edib və Aİ-nin etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın yaxın günlərdə regiona səfəri müzakirə olunan bütün aspektləri izləmək məqsədi daşıyır.
Həmçinin, bildirilib ki, tərəflər arasında üçtərəfli sazişlər həyata keçirilməlidir: “Aİ həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir».
Məlumdur ki, son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Avropa İttifaqı xüsusi fəallıq göstərir. Bunun ən əsas səbəblərindən biri isə sözügedən məsələdə Aİ-nin rəqibi olan Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasıdır.
Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldəki sonuncu görüşdə müəyyən razılıqlar əldə olunmuşdu. Ola bilsin, Toivo Klaarın səfəri həm də həmin razılıqların detalları barədə fikir mübadiləsi aparmaq üçündür.
Hər bir halda indi region üçün unikal imkan yaranıb; bugünədək daha çox münaqişənin uzanmasında maraqlı olan Rusiyanın başı qarışıb və regiondakı təsir gücü azalmağa doğru gedir, Vətən müharibəsinədək proseslərə etinasız yanaşan beynəlxalq təşkilatlar, o cümlədən Aİ artıq Azərbaycanın maraqları ilə hesablaşırlar, Ermənistan isə yeni reallıqla barışır və daha loyal xarici siyasət yeritmək yolunu tutub.
Bu baxımdan Aİ-nin təşəbbüskarlığının əvvəlkinə nisbətən indi daha səmərəli olacağına inanmaq olar. Hərçənd bu da təmaslarda rəsmi Bakının “əlinin nə qədər güclü olmasından” asılıdır.
Çox güman, görüşlərdə bir sıra “düyünlü” məsələlərdə, o cümlədən sərhədlərin müəyyənləşməsində yeni razılıqlar əldə olunacaq.
Kənan Novruzov-siyasi ekspert