Geosiyasi proseslər gündən-günə daha da aqressiv bir motivə bürünür. Beynəlxalq konyunkturanın sürətli silahlanma dövrünə qədəm qoyması və böyük güclər arasında balansın sürətlə dəyişməsi də bunu təsdiqləyir.
Almaniya hökuməti və parlamentin başlıca siyasi partiyaları ordunun təkmilləşdirilməsi məqsədilə 107 milyard dollarlıq maliyyə paketinin ayrılması barədə razılıq əldə ediblər. Vəsaitin 43 milyard dolları hərbi hava qüvvələrinə, 23 milyard dolları hərbi donanmaya, 20 milyard dolları isə quru qoşunlarına ayrılması nəzərdə tutulub.
Almaniya kansleri Olaf Şolts deyib ki, maliyyə paketinin qəbulunda əsas məqsəd Almaniya Ordusunu NATO-nun Avropadakı ən böyük ordusuna çevrirməkdir. Aydın məsələdir ki, Şoltsun tək məqsədi heç də bu deyil. Məsələ ondadır ki, hazırda Fransa Ordusu NATO-nun Avropadakı ən böyük ordusu hesab olunur. Almaniya Fransadan geri qalmaq istəmir.
Ümumiyyətlə, Almaniya daha Avropanın iqtisadi yükünü daşımaq istəmir. Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Almaniyanın da bənzər qərar verməsi gözlənilirdi. Rəsmi Berlin hələlik bu istiqamətdə qərar verməsə də, gec-tez bu baş verə bilər.
Konstitusiya dəyişdirilməlidir!
İndiki məqamda kansler Olaf Şolts və hökumətin ordunu təkmilləşdirmək məqsədilə 107 milyard dollarlıq maliyyə paketi ayrılması barədə razılıq əldə etməsi kifayət deyil. Hökumətin maliyyə paketini qəbul etmək üçün Almaniya konstitusiyasında dəyişikliyə ehtiyac var və bu dəyişiklik 2/3 səs çoxluğu ilə qəbul edilməlidir.
Şolts buna nail ola bilsə, o, Alman fürreri Adolf Hitlerdən sonra bir ilkə imza atacaq. Məsələ ondadır ki, Birinci Dünya müharibəsində məğlub olan Alman imperiyası “Versal” sülhü ilə ağır şərtlər imzalamağa məcbur oldu. "Versal müqaviləsi" Almaniyanın hərbi münaqişəni yenidən başlamasına maneçilik törətmək üçün onun silahsızlanmasına yönələn tələbləri də özündə ehtiva edirdi. Almaniya ordusu əhəmiyyətli dərəcədə 100 min nəfərə qədər azaldıldı. Hitler hakimiyyətə gəldikdən sonra 1933-cü il dekabrın 18-də "Versal müqaviləsi"nin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi.
Kansler Olaf Şolts isə öz növbəsində bu addımı ilə İkinci Dünya müharibəsi sonrası Almaniya ordusunun azaldılan say tərkibini yenidən artırmağı hədəfləyir.
Rəsmi Berlin yeni hərbi büdcə ilə ABŞ-dan 35 ədəd F-35 qırıcısı sifariş etmək istəyir. Diqqətçəkən digər bir məqam da Alman F-35-ləri ABŞ-a məxsus nüvə silahını daşıya və lazım gəldikdə isə istifadə edə biləcək olmasıdır.
Quru qoşunlarına da təxminən 20 milyard dollar ayrılması nəzərdə tutulur. Ayrılan vəsaitlə quru qoşunlarının hərbi-texniki təchizatı və zirehli texnikalar yenilənəcək.
Alman hərbi donanmasına ayrılacaq 23 milyard dolların böyük hissəsi isə yeni döyüş gəmiləri və sualtı qayıqların alınmasına sərf olunacaq. Rəsmi Berlin istər birinci dünya müharibəsi istərsə də ikinci dünya müharibəsi öncəsi donanma xərclərini artırıb. Görünür kansler Şolts da sələflərindən geri qalmır.
Nəticə etibari ilə konstitusiya dəyişikliyi ilə bağlı layihənin yayda parlamentdən keçməsi gözlənilir. Almaniya buna nail ola bilsə, həm Avropa liderliyi, həm də dünya supergüc olmaq yolunda daha güclü bir Almaniya görə biləcik.
Turan Rzayev-siyasi ekspert