Qədim neft diyarı Azərbaycan artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Həm də Azərbaycan qazına tələbat getdikcə artır. İxracın mənbəyi əsasən "Şahdəniz" olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır.
Qısaca desək, Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür. Təsadüfi deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin bu mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: "Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Biz, əlbəttə ki, mövcud müqavilələr əsasında qaz inkişafı layihələrimizi planlaşdırırıq. Hazırkı müqavilələrdə bu qədər həcm nəzərdə tutulub."
Lakin alıcı, yəni tələbat olarsa, ilk növbədə mənbələrə baxılmalıdır. Çünki hazırda ölkəmizin qaz istehsalının həcmi daxili bazar və ixrac üçün hesablanıb. Prezident İlham Əliyev Azərbaycana təkcə İtaliyadan deyil, digər Avropa ölkələrindən də təchizatın artırılmasına dair müraciətlər daxil olduğunu qeyd edərək bildirib:" İlk növbədə bizə mənbələri tapmaq lazımdır. Bu qismən daxildə qaz itkilərinin optimallaşdırılması hesabına olacaq. Bir hissəsi təbii qazın günəş və külək enerjisi ilə əvəz edilməsi olacaq, digər hissəsi isə yeni hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn il üçün gözləyirik. Artıq "Abşeron" yatağında 1,5 milyard kubmetr əlavə qaz var. Digər yataqlardan da gözləntilərimiz var. Əlbəttə, bunun tərkib hissəsi olan qaz kəmərlərinin ötürücülük qabiliyyəti də önəmlidir. "Cənub qaz dəhlizi" qaz kəmərləri sisteminə inteqrasiya olunub."
Belə ki, TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) diametrlərinin ölçüləri bir-birindən fərqlənir. TANAP 30 milyard kubmetr, TAP isə 10 milyard kubmetr illik ötürücülük gücünə malikdir. Bu, bazara görə müəyyənləşib. Yəni Azərbaycan İtaliyaya 8 milyard kubmetr qaz ixrac etməli idi. Yaxın vaxtlarda əlavə qazın gələcəyi gözlənilmədiyindən TAP-ın layihəsi fərqli olub.
Bəs TAP-ın imkanlarını genişləndirmək olarmı? Bəli, nasos stansiyalarının sayını artırmaqla, bu mümkündür. Kəmərin ötürücülük gücü 20 milyard kubmetrə çatdırıla bilər. Beləliklə, İtaliyanın bu gün aldığından iki dəfə çox mavi yanacaq alması mümkündür. Bu məqsədlə TAP komandası bir araya gəlməlidir. Kəmərin səhmdarları onu necə genişləndirməyə dair əlavə sərmayə proqramına razılıq verməli və texniki cəhətdən buna baxılmalıdır. Lakin bu təcili, məsələn, bir ay ərzində görülə biləcək bir iş deyil.
Eyni zamanda başqa bir yol da birləşdirici şəbəkələrə sahib olmaqdır. Buna misal kimi, hazırda tikintisi son mərhələdə olan Bolqarıstanla Yunanıstan arasındakı interkonnektor göstərilə bilər. Avropanın qaz tədarükü şəbəkəsini birləşdirəcək digər layihələr də mövcuddur və bunların hamısı proqramda var.
Nurlan Qəribov-müəllim