Məlumdur ki, bugünlərdə paytaxtımız Bakı şəhəri mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.
Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Sərginin açılış mərasimində Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı Cənub Qaz Dəhlisi layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib:
“Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür.
Şəlalə Məcidova-YAP fəalı, müəllimə