Müasir dünyada çox az dövlət vardır ki, onların xalqları Azərbaycan və Türkiyə xalqlarının bir-birinə yaxınlığı, bağlılığı qədər doğma olsunlar. Bu bağlılığı şərtləndirən təkcə dil, din və milli-mədəni kimlik amilləri deyil, həm də ortaq tarix, coğrafi yaxınlığı və heç şübhəsiz uzun əsrlərdir məruzə qalınan deportasiyalar, soyqırımlar və öz dövlətini hifs edib qorumaq üçün göstərilən müqavimətdir. Bu eynilik müasir Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tempini şərtləndirən mühüm amillərdir.
Hazırda rəsmi müttəfiqlik münasibətlərinə qədər inkişaf etmiş dövlətlərarası əlaqələr eyni zamanda tarixən mövcud olmuş Türkiyə-Azərbaycan münasibətlərinə işıq salır və imkan verir ki, əsrlər boyu bu münasibətlərinin möhkəmlənməsinə və inkişafına maneə olmuş amillərin aradan qaldırılmasına nail olaq. Belə ki, dili, dini, coğrafiyası, mədəniyyəti, həyat tərzi, vətəninə və dövlətinə sədaqəti ilə bütün tarix boyu eyni dəyərləri sərgiləyən və yaşadan Azərbaycan və Türkiyə dövlətləri və xalqının indiki qədər yaxın olmasında maneəyə çevrilmiş çoxlu sayda həm siyasi, həm iqtisadi, həm də diplomatik əngəllər olmuşdur. Nəzərə alsaq ki, dünyada türk əsilli xalqların bir-birinə yaxınlaşmasından qorxan, bu birliyin dünya düzəninə mümkün təsirlərindən “ehtiyat edən dünya nəhəngləri” hər vasitəyə əl atıblar ki, bu birliyə maneə olsunlar. Təssüf ki, məyyən mənada buna nail olublar. Xalqların böyük köçü zamanında belə, türklərin məskun olduqları coğrafiyaya ayaq açan “plibeylər” əsrlər boyu bu vahid xalqın parçalanmasına çalışmış, hər vəchlə türkdilli xalqların bir-birinə qarşı olmalarından ötrü ən müxtəlif yollara əl atmışlar.
Hələ orta əsrlərdə təriqət və məzhəb davası türk xalqları arasında ziddiyyət yaratmış, sonradan bu “təriqətçiliyi” siyasi müstəviyə keçirərək öz maraqlarını diqtə etməyə nail olmuşlar. Səfəvi-Osmanlı münasibətlərinin tarixinə nəzər saldıqda bunu aydın müşahidə etmək olur. Sonrakı tarixi proseslər - qərbin klassik taktikası olan “parçala hökmranlıq et” prinsipinin işə salınması, təkcə dini deyil eyni zamanda iqtisadi və mədəni ayrı-seçkiliyin vahid türk coğrafiyasına daşınması nəticə etibarilə zaman üçün hegemon olan imperiyaların işinə yaradı. Zəngin təbii sərvətləri, ideal geopolitik mövqeyi olan türk xalqlarının mədəni-iqtisadi və siyasi baxımdan müxtəlifliyinə çalışan bu güclər taktiki baxımdan istəklərinə nail ola bilirdilər. Lakin strateji baxımdan bu mümkün deyildi və mütləq tarixin hansısa dönəmində türk kimliyi özünü doğruldacaq, əzəmətli türk xalqları birliyi yenidən tarix səhnəsinə dönəcəkdi.
Tarixi Türkmənçay və Gülüstan müqavilələri, Osmanlı və Səfəvi xanədanı arasındakı anlaşılmaz münasibətlər, Azərbaycanın ərazi olaraq iki hissəyə və tədricən iki fərqli iqtisadi və mədəni mühitə bölünməsi, Osmanlı dövlətinin öz dayaqlarının itirməsi və tarix səhnəsindən silinməsi, sonrakı mərhələdə sosialist Azərbaycanı və kapitalist Türkiyəsi, ən acınacaqlısı isə hələ də münasibətlərə dini zəmində xələl gətirməyə çalışanların “meydan sulaması” Türkiyə və Azərbaycanın bir-birindən uzaqlaşmasına, fərqli formasiyaların təmsilçisinəinə çevrilməsinə şərait yaradırdı. Lakin bütün bu əsrlər boyu bədxahlarımızın unutduqları, düzgün “qiymətləndirə” bilmədikləri ortaq mənafe, dəyərlər, tarixi-milli bağlar və türk törəsinin adəti olan “Çətin günün dostu”, “Dost dar gündə tanınar”, “Türkün türkdən başqa dostu yoxdur” və bu kimi digər gerçək deyimlər var ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərində özünü qabarıq büruzə verir.
Məhz o dəyərlər və əbədi sarsılmaz dostluq, qardaşlıq bağları bütün antitürk, antiazərbaycan dairələrinin arzularını ürəklərində qoydu. Və heç şübhəsiz ki, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin mövqe və mənafelərindəki yaxınlaşma və bu yaxınlaşmanı rəsmi strateji müttəfiqlik mərhələsinə qədər yüksəlməsi hər iki dövlətin başında duran tarixi şəxsiyyətlərin xidmətinin nəticəsi idi. Çünki tarixən məhz dövlət rəhbərlərini bu məsələyə yanaşması, münasibəti Türkiyə ilə Azərbaycanı birgə hədəfdən yayındırır, ümumi mənafedən ayırırdı. Digər tərəfdən özünü güclü bilən dövlətlərin şərtləri və təhdidləri bu iki dövləti bir-birindən məsafədən saxlayırdı. Belə olan halda bu şərt və təhdidlərə qarşı strategiya müəyyən etmək və bu strategiyanı reallığa çevirməkdən ötrü güclü iradə, tarixin sınaqlarından keçmiş təcrübə, xalqdan güc almaq və ən əsası milliliyə, tarixi kimliyə bağlılıq lazım idi ki, əsrlərin süzgəcindən keçib gəlmiş bu xalqın iki dövlətinin münasibətlərini zirvələrə yüksəldə bilsin. Bunu isə xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev bacardı. Məhz onun Türkiyə-Azərbaycan münasibətlərinə yönəlik strateji siyasəti addım-addım tarixin qaranlıq səhifələrinə işıq saldı. Türkiyə ilə Azərbaycan arasında qarşlıqlı etimadın, birgə təşəbbüslərin həyat keçirilməsi üçün real zəmin yaratdı. Artıq həmin strateji siyasətin gerçək nəticələrini bütün bütün dünya dövlətləri heyranlıqla müşayət edirlər.
Azərbaycan və Türkiyə xalqlarının XXI əsrdəki böyük şəxsiyyətləri, dövlət rəhbəri və qurucu liderləri olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurla inkişaf etdirdikləri strateji partnyorluq siyasəti bu iki dövlətin və bir millətin tarixi maraqlarının nəhayət gerçəyə çevrildiyini görən, bütün tarix boyu türk xalqlarının və dövlətlərinin yüksəlişindən qorxan, bu yüksəlişin onların dünya ağalığına son qoyacağından ehtiyat edənlər indi bu “acı” həqiqətlə barışmaq məcburiyyətindədirlər. Günü-gündən bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin “məhəng daşı”, ilham mənbəyi əlbətdəki bu iki dövlətin əhalisinin otraq dəyərləri və dəyərlər üzərində tarixi münasibətlərin bərqərar olmasını təmin edən dövlət rəhbərləridir. II Qarabağ savaşında Türkiyənin Azərbaycan dövlətinə və xalqına verdiyi mənəvi-siyasi dəstək, müharibədən sonra davam edən birgə beynəlxalq diplomatik fəaliyyət, “Zəfər” paradında nümayiş etdirilən qardaşlıq münasibəti, Şuşa bəyannaməsi, dövlət rəhbərlərinin və rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri, möhtəşəm TEXNOFEST həm də bu münasibətlərin təntənəsinin nümayişi idi. Şübhəsiz ki, bu birliyə nail olmaqdan ötrü uzun bir yol keçilib. Bu yol iqtisadi, siaysi, mədəni əlaqələrin qurulmasından tutmuş, beynəlxalq arenada yürüdülən siyasətdə qarşılıqlı dəstəyə və ümumi mənafeyə xidmət edən prinsiplərin həyata keçirilməsində birgə fəaliyyətə söykənir.
15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin imzaladığı Bəyannamə təkcə rəsmi müttəfiqlik müqaviləsi deyil, eyni zamanda tarixin bir çox qaranlıq səhifələrinə işıq salan, əslində Azərbaycan – Türkiyə münasibnətləri keçmişdə də necə olmalı imiş mesajını verən, çoxlarını tarixin dərslərindən nəticə çıxarmağa səsləyən, bu iki dövlət arasında münasibətlərin sarsılmaz əlaqələrə bağlı olduğunu sərgiləyən tarixi bir sənəddir. Bu bəyannamə təkcə II Qarabağ müharibəsində Türkiyənin Azərbaycana vermiş olduğu mənəvi-siyasi dəstəyin davamı deyil, eyni zamanda bu və bu kimi qarşılıqlı dəstəyin tarixin bundan sonrakı dönəmklərində də davam edəcəyini və daha da dərinləşəcəyinin ifadəsidir. Məhz bu bəyannamə sübut etdi ki, dünyanın hansı güclərinin hansı səviyyədə müdaxiləsindən, təhdidlərindən, gizli və ya aşkar mürtəce cəhdlərindən asılı olamayaraq, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin münasibətləri öz tarixi dəyərini heç vaxt itirə bilməz.
“Şuşa bəyannaməsi” özlüyündə strateji müttəfiqliyi ehtiva etməsi ilə bərabər həm də, Azərbaycana hər hansı təhdidi neytrallaşdırır. Bəyannamə imkan verir ki, bundan sonra da iki qardaş dövlət arasında olan münasibətlər dərininə inkişaf etsin.
Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan və Türkiyə dövlətləri və xalqı arasında münasibətlərin dövlət rəhbərləinin uzaqgörən, tarixi hədəflərə hesablanmış, hər iki dövlətin xalqı tərəfindən yüksək səviyyədə dəstəklənən siyasi münasibətlərdəki milli, dini, diplomatik zəmində mövcud olmuş bütün zidiyyətləri tarixin arxivinə gömmüşdür. 15 iyun 2022-ci ildə “Şuşa bəyannaməsi”nin bir ilinin məhz yenə də Şuşa şəhərində təntənə ilə qeyd olunması hər iki dövlətin münasibətlərinin təsadüfi olmadığını, tarixin süzgəcindən keçib gələn dostluğa, qardaşlığa söykəndiyini sübut edir.
Heç şübhəsiz ki, bu qardaşlıq nümunəsi digər türkdilli dövlətlər üçün örnək olacaqdır.
Kamil Qurbanlı
YAP Biləsuvar rayon təşkilatının sədri.