Uzun müddətdir davam edən gərgin danışıqlardan sonra Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı razılıq verdiyini bəyan etdi. Bir müddət öncə mediada yayılan məlumatlara əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə keçrilən dördtərəfli toplantıda aşağıda qeyd edilən 11 məsələ üzrə razılıq əldə olunub.
• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.
• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik.
• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.
• Müdafiə sənayesi sahəsində embarqoların aradan qaldırılması, əməkdaşlığın artırılması.
• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.
• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.
• Terrorçuların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.
• PKK yandaşlarının terrorçuluğun maliyələşdirilməsi yönündə fəaliyyətlərinin qadağan edilməsi.
• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.
• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.
• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə İşçi qrupun yaradılması.
Sözügedən məsələlərə diqqət etdikdən aydın şəkildə görmək mümkündür ki, proseslərin əvvəlindən etibarən Türkiyənin ortaya qoyduğu tələblər tam şəkildə anlaşmada öz əksini tapmışdır. Burada digər önəmli məsələ Türkiyə tərəfindən qoyulmuş tələblərin İsveç və Finlandiya tərəfində tam şəkildə yerinə yetrilməsinin nə dərəcədə mümkün olmasıdır.
NATO-ya daxil olmağın 7 mərhələ üzrə həyata keçrilməsi ilə mümkün olduğunu nəzərə alaraq demək mümkündür ki, əgər Türkiyənin qoyduğu tələblər tam şəkildə praktik formada həyata keçrilməzsə, istənilən mərhələdə Türkiyə İsveç və Finlandiyanın sözügedən hərbi alyansa üzvülüyünü veto etmək haqqını əlində saxlayır.
Digər tərəfdən önəmli olan məsələlərdən biri də İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin razılıq verməməsini Rusiya ilə gizli şəkildə əldə edilmiş razılıq kimi dezinformasiyalarla tirajlamağa çalışırdılar.
Son əldə edilmiş razılaşmadan da aydın olur ki, deməli Türkiyə heç də Rusiya ilə gizli razılaşma etməyib, əksinə regional və qlobal güc olaraq, həmçinin NATO-da ikinci ən böyük güc olaraq Türkiyə tam şəkildə müstəqil siyasət yürüdür və özünün xarici siyasət maraqlarına uyğun olaraq addımlar atır.
Beləliklə, Türkiyə təkcə öz təhlükəsizliyini deyil, eyni zamanda üzv olduğu NATO və əməkdaşlıq etdiyi Qərbin gələcək təhlükəsizliyi üçün də təminat almış oldu. Bundan sonrakı mərhələdə həm PKK/YPG, həm də FETÖ kimi terror təşkilatları əsas maliyyə və təşkilati dayaqlarından bir neçəsini itirmiş oldular. Eyni zamanda Türkiyə bu addımı ilə sübut etmiş oldu ki, onun razılığı və iştirakı olmadan regionda hansısa proseslərin baş verməsi mümkünsüzdür.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri