Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tənqid və irad bildirərkən, mümkün qədər ədalətli olaq

Tənqid və irad bildirərkən, mümkün qədər ədalətli olaq


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin artıq açıqlanmış nəticələri ətrafında geniş müzakirələrin başlamasını, fərqli fikirlərin səsləndirilməsini normal qarşılayırıq. Azad və demokratik bir ölkədə yaşadığımızı nəzərə aldıqda, bu səpkili diskussiyaların açılmasına və sərbəst mövqe ifadələrinə dözümlü yanaşmalıyıq. Çünki fikir müxtəlifliyinə əsaslanan plüralizm demokratiyanın əsas təzahürlərindən biridir. O baxımdan, qeyd olunduğu kimi, müsabiqənin nəticələrinə yönəlik əks yanaşmalara da təmkinli münasibət göstərilməsinin vacibliyi qənaətindəyik. Bununla belə, müabiqənin nəticələri ilə bağlı ortaya qoyulan tənqid və iradların heç də hamısının sağlam əsaslı olmaması, Agentliyə qarşı açıq-aşkar qərəzdən qaynaqlanan iddia və ittihamların dövriyyəyə buraxılması onlara cavab verilməsi zərurətini doğurur.

Qeyd etməyi lazım bilirəm ki, dövlətçilik təcrübəsinə malik Aygün Əliyevanın Müşahidə Şurasının üzvləri tərəfindən Agentliyin icraçı direktoru təyin edilməsi ilə qurumun yeni dövrə aid fəaliyyətində effektli yeniliklərin tətbiqi geniş mənada müsbət qiymətləndirilir. Aygün Əliyevanın icraçı direktor postuna təyin edilməsində də məhz onun dövlətçilik təcrübəsinə malik təcrübəli kadr olduğu əsas götürülüb.

Bu səbəbdən, Agentliyə ünvanlanan, fikrimizcə, əsassız ittihamlar sırasında "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalın sosial şəbəkələrdə paylaşdığı “tənqidlər” haradasa, “xüsusi” seçilir. Adıçəkilən jurnalist “Şuşa ili” müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bu barədə bir neçə status paylaşıb və onların hər birində ifrat qərəzlilik çox qabarıq nəzərə çarpır. Doğrudan, bizə də çox maraqlıdır, Aynur Camalın rəhbəri olduğu QHT də Agentliyin müsabiqəsinin qalibləri sırasında olsaydı, necə davranardı? Agentliyə qarşı qələmə aldığı, yetərincə vaxt və enerji sərf etdiyi məlum məzmunda statusları yenə də paylaşardımı? Sualı başqa cür də qoymaq olar: Agentliyə təqdim olunan layihələrin qiymətləndirilməsi Aynur Camala həvalə edilsəydi, o hansı qərarı verərdi? Maraqlı və təəccüblü olan digər məqam onun öz məqaləsində yer verdiyi “bu işin yanında, arxasında, başında dayanır” cümləsi ilə müəllif nəyi nəzərdə tutur? Mənə belə gəlir, sualların cavabı hamıya aydındır. Çünki onun vurğulanan “tənqid”lərinin şəxsi maraqlardan qaynaqlandığını görmək çətin deyil.

Məlumdur ki, bir dönəmlik deputat fəaliyyəti başa çatdıqdan sonra Aynur Camal da ölkənin “media kapitanları”ndan birinə çevrilməyə, adının bu statusla yanaşı çəkilməsinə çox cəhd göstərdi. Amma buna nail ola bildimi? Təsdiqedici cavab vermək imkansızdır. O halda, başqa sual yaranır: Aynur Camal iddia etdiyi kimi, “media kapitanı”dırsa, ölkə mətbuatının, o cümlədən, QHT rəhbəri qismində vətəndaş cəmiyyətinin inkişafına hansı töhfəni verib? Yenə də qeyd olunacaq heç nə yoxdur...

Yenə qayıdıram Agentliyin “Şuşa ili” müsabiqəsinin nəticələrinə. Diqqətə çatdırmaq istərdim ki, müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsində Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyinin kifayət qədər təcrübəli və peşəkar mütəxəssisləri iştirak ediblər. Yəqin hər kəs razılaşar ki, qiymətləndirməyə cəlb olunan ekspertlərin bu prosesdə hər hansı marağının olması, layihələrin dəyərləndirilməsində peşəkarlığa uyğun gəlməyən prinsiplərdən çıxış etmələri istisnadır. Bu məqam Aynur Camal və digər “tənqidçi”lərin öz yanaşmalarında obyektivlikdən nə qədər uzaq olmalarının özünəməxsus göstəricisidir.

Biz isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri olaraq, ölkədə vətəndaş cəmiyyətinin inkişafına görə daşıdığımız məsuliyyəti tamamilə dərk edir və buna uyğun davranırıq. Ona görə də, gəlin, tənqid və irad bildirərkən, mümkün qədər ədalətli olaq. Bu halda, yersiz mübahisə və anlaşılmazlıqlar da yaranmayacaq.

Nurəddin Mehdiyev-QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü
Xəbəri paylaş