10 noyabr üçtərəfli bəyanatı və ondan sonrakı dövrdə Moskva və Brüsselin vasitəçiliyi ilə əldə edilən razılıqlar 44 Günlük Müharibədən sonra sülhün bərqərar olması üçün ilkin normativ əsaslar yaradıb. Sülh prosesinin bütün iştirakçı dövlətləri 10 noyabr bəyanatına istinad edərək razılaşmanın əsas müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğulayırlar. Lakin, həm Azərbaycan, həm də Ermənistan üçtərəfli bəyanatı fərqli formalarda interpretasiya etdikləri üçün sülh prosesində əlavə problemlər yaranır. Təkcə Rusiya Üçtərəfli bəyanatın interpretasiyası ilə bağlı əlavə şərh verməkdən boyun qaçırır, amma bəyanatın tam olaraq icrasının vacibliyini daim vurğulayır.
Bəs üçtərəfli bəyanatın icrasının daha dinamik formada həyata keçirmək üçün nə etmək lazımdır?
Əvvəla onu qeyd etmək lazımdır ki, üçtərəfli bəyanata daxil olan bəzi bəndlər yerinə yetirilsə də, Azərbaycan və Ermənistanın da ortaq mövqelərini əks etdirən bir sıra bəndlər isə ümumiyyətə həyata keçirilməyib. Bunlar məcburi köçkünlərin qayıdışı və regional kommunikasiya xətlərinin açılmasını ehtiva edən 7-ci və 9-cu bəndlərdir. Bu məsələyə daha sonra yenə qayıdacağıq.
Narazılıqlar nədən ibarətdir?
Azərbaycanın narazılığı və etirazı bəyanatın 4-cü bəndinə aiddir. Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirildi, amma paralel olaraq erməni silahlı birləşmələri ərazini tam tərk etmədi. Azərbaycan tərəfi ən yüksək səviyyədə bölgənin demilitarizasiya edilməməsi ilə bağlı etirazlarını səsləndirir.
Ermənistan tərəfi isə bəyanatın 1-ci bəndi ilə bağlı narazılığını dilə gətirir. Bu bəndə əsasən silahlı qüvvələr olduqları yerdə qalmalıdırlar (Fərrux kəndi istiqamətindəki mövqelərin dəqiqləşməsi). Həmçinin hərbi əsirlərin azad edilməsini əks etdirən 8-ci bənd ilə bağlı narazılıq qalmaqdadır. Ermənistanın hərbi əsir adlandırdığı məhbuslar Azərbaycanda diversant olaraq mühakimə edilir, çünki onlar ölkə ərazisinə Üçtərəfli bəyanatın imzalanmasından sonra daxil olublar. 8-ci bəndin digər hissəsi ilə bağlı isə problem yoxdur. Azərbaycan tərəfi 1700 nəfər erməni əsgərin cəsədlərini artıq qarşı tərəfə təhvil verib.
Potensial olaraq növbəti narazılıq 6-cı bəndlə - Laçın yolu ilə bağlı yarana bilər. Azərbaycan tərəfi yeni yolun inşasını qısa müddətdə həyata keçirsə də, Ermənistan tərəfi nəinki yolun öz hissəsini inşasını başlamayıb, hətta əks-arqument gətirərək yolun il yarım sonra təhvil veriləcəyini açıqlayıb.
Sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlər (məs. Azərbaycanlıların Ermənistanda, və ermənilərin Azərbaycanda mədəni irsinin qorunması, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarının taleyi və s.) tərəflər arasında müzakirə edilir və üçtərəfli bəyanatın müddəaları ilə birbaşa təzad təşkil etmir.
Beləliklə, əgər proseslər Üçtərəfli bəyanat çərçivəsində baş verirsə, o zaman görürük ki, hər iki tərəfin Bəyanatın qeyd etdiyimiz bəndləri ilə bağlı narazılığına səbəb olan məsələlər həllini tapa bilər. Məsələn, Qarabağda qalan erməni silahlı birləşmələrin ərazidən tam çıxarılmalarının əvəzində Azərbaycan həbsdə olan erməni diversantları azad edə bilər. Belə olan halda bəyanatın bir neçə bəndinin icrasına nail olmaq mümkündür.
Rergional kommunikasiya xətlərinin açılması üçtərəfli hökumət komissiyası tərəfindən müzakirə edilir. Məcburi köçkünlərin və qaçqınların məsələsi isə hələ hüquqi həllini tapmalıdır. Qaçqınlar bir ölkənin vətəndaşı olaraq digər ölkənin ərazisinə gəlib məskunlaşanlar, məcburi köçkünlər isə vətəndaşı olduğu dövlətin bir hissəsindən digər hissəsinə məcburi köç edənlərə deyilir. Belə olan halda, hansı əhali kateqoriyalarının bu təriflərə aid edilməsi hələ müzakirə edilməlidir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi