1969-cu il iyulun 14-ü ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanda milli intibahın başlanğıcı kimi tarixə düşdü. Məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsinin nə qədər həlledici olduğu qarşıdakı illərdə daha qabarıq formada təsdiqini tapdı. 1969-cu ildə SSRİ-nin ən geridə qalmış respublikası olduğu halda cəmi 2 il sonra – 1971-ci ildə artıq Azərbaycan inkişaf sürətinə görə ittifaq daxilində ən qabaqcıl respublikaya çevrildi. Ölkə iqtisadiyyatı qısa vaxtda əhəmiyyətli dərəcədə dirçəlməyə başladı. Beləliklə, Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini qazandı. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. 813 min yeni iş yeri açıldı, əhalinin rifahı daha da yaxşılaşdı. Ölkədə eyni zamanda mədəni tərəqqi də başladı. Azərbaycanın onlarla yazıçı, şair, bəstəkar, rəssam və memarı ulu öndərin səyləri nəticəsində o dövr üçün ən yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də SSRİ Dövlət mükafatına layiq görüldü. Heydər Əliyev ölkə ziyalılarına bu cür qiymət verməklə həm də ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycanın nüfuzunu qaldırırdı. Azərbaycan təhsili və elmində də intibah dövrü başladı. Təsadüfi deyil ki, məhz həmin illərdə Azərbaycanın elm xadimləri öz ideyalarını ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərinə yönəltdi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırıldı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olduğu illərdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını həyata keçirirdi. Eyni zamanda milli hərbi kadrlarən yetişdirilməsi də ulu öndərin haikimiyyəti illərindən başladı. Hər il 800-1000 azərbaycanlı gənc ittifaqın nüfuzlu hərbi məktəblərində ordu quruculuğu ilə bağlı akademik biliklərə yiyələnirdi.
Təsadüfi deyil ki, Ulu öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə keçmiş ittifaqın ən nüfuzlu təhsil ocaqlarına göndərilən yüzlərlə, minlərlə gənc illər sonra müstəqil respublikamızda siyasi, iqtisadi, eləcə də hərbi sahədə uğurlara imza atdı, dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Beləliklə, 1969-cu ildən etibarən həyata keçirilən uğurlu siyasətin nəticəsində Sovetlər Birliyi süquta uğradıqdan sonra Azərbaycan müstəqil şəkildə uğurla dünya iqtisadiyyatına inteqrasiya edə bildi. Müstəqilliyin ilk illərində hökm sürən hərc-mərclik, ictimai-siyasi anarxiya fonunda cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas edə biləcək yeganə şəxs Heydər Əliyevdir. Həqiqətən də 1993-2003-cü illər - Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın xilası, inkişaf və sabitlik illəri kimi tarixə düşdü. Ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı, 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Milli mənafeyə əsaslanan dövlət siyasəti, iqtisadi inkişaf, elmi-texniki tərəqqi, müasir ordu quruculuğu, milli kadr hazırlığı, milli irsin qorunması - bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəfləri idi. Onun üçün əsas məsələ Azərbaycan Respublikasının dövlət müstəqilliyi idi. Buna görə də böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Dahi şəxsiyyət problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” deyirdi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.
Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.
Bu gün Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət Azərbaycanı regionun ən güclü dövlətinə, qlobal miqyasda sözü imzası qədər möhkəm olan bir gücə çevirib. Azərbaycan məhz Heydər Əliyev ideyaları sayəsində böyük inkişaf yolu keçib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları sayəsində böyük inkişaf yolu keçib. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Məhz 1969-cu ildən etibarən yetişən milli hərbi kadrların davamçıları 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Bu Zəfər də əldə etdiyimiz uğurların məntiqi nəticəsidir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
İstər 53 il əvvəl ilk dəfə hakimiyyətə gəlişi, istərsə də 1993-cü il ikinci qayıdış zamanı Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın ona olan inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və təbii ki, dahi şəxsiyyətin doğma xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Könül Nurullayeva,
Milli Məclisin deputatı