Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qanun layihəsi qəbul edilib. Belə ki, Nümayəndələr Palatası ölkənin təkmilləşdirilmiş F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi hər nə qədər ədalətsiz və əsassız olsa da, diqqətçəkən başlıca məqam qanun layihəsini yunan lobbisinə yaxınlığı ilə tanınan demokrat Kris Pappas və respublikaçı Frank Pallone tərəfindən təqdim olunmasıdır. Nümayəndələr Palatasında keçirilən səsvermədə 244 deputat iştirak edib və onlarda 179-u qanun layihəsinə səs verib.
Pallone/Pappas düzəlişi - Afinanın qələbəsi!
Pallone/Pappas düzəlişi özündə iki məsələni ehtiva edir: Birincisi, ABŞ prezidentindən Türkiyəyə yeni satılacaq qırıcıların milli maraqlara uyğun olduğunu təsdiq etməsini tələb edir. İkincisi, Türkiyə son 120 gündə Yunanıstan hava sahəsini pozmadığı barədə hesabat təqdim etməlidir.
Prinsip etibarilə, hər iki məsələ ABŞ-dan çox rəsmi Afinanın maraqlarına uyğun tərtib edilib. Məsələ ondadır ki, Türkiyəyə satılacaq qırıcılar ABŞ milli maraqlara uyğundur. Çünki rəsmi Ankara NATO-nun aparıcı ölkəsidir və ABŞ da NATO ölkəsidir.
Digər tərəfdən Vaşinqton və Ankara yaxın şərq və bir sıra regionlarda strateji baxımdan ortaq hərəkət edir. ABŞ-ın strateji müttəfiqi olan Türkiyənin F-16 döyüş təyyarələri alması ABŞ maraqlarına necə uyğun olmaya bilər?
O ki qaldı, Türkiyə son 120 gündə Yunanıstan hava sahəsini pozmadığı barədə hesabat təqdim etməsinə Ankara buna gedəcəyini düşünmürəm. Praktika göstərir ki, Türkiyə ilə diqtə tərzində danışmaq mənasızdır. Rəsmi Ankara belə bir hesabatı vermək məcburiyyətində deyil. Digər tərəfdən peyk görüntülərindən bu informasiyanı rahatlıqla əldə etmək olar.
ABŞ-da artan yunan lobbisinin gücü
Prinsip etibarilə Pallone/Pappas düzəlişi yunan lobbisinin qələbəsi olsa da bu qələbədə rəsmi Ankaranın da payı var. Məsələ ondadır ki, ABŞ-da ildən-ilə güclənən yunan lobbisi bu gün konqresə qədər nüfuz etməyi bacarıb. Məlum qanun layihəsinin qəbul edilməsi də bunu təsdiqləyir. Türkiyə isə bu məsələdə addım atmağa gecikib. Yunan lobbisi ABŞ-da fəaliyyət göstərən ən köklü lobbilərdəndir. Rəsmi Ankara kimi təcrübəli bir ölkə bu nüansı gözdən qaçırmamalı idi.
Türkiyə xarici siyasətində lobbi və diaspor fəaliyyətini gücləndirməsə, Türkiyə əleyhinə daha ağır qanun layihələri qəbul edilə bilər.
Ankara nə edəcək?
Aydın məsələdir ki, F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsinin qəbul edilməsinə baxmayaraq rəsmi Ankara geri addım atmayacaq. Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Çünki Türkiyə bu məsələdə çox ciddidir və təsadüfi deyil ki, F-16-ların verilməsi məsələsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürülən şərtlərdə də öz əksini tapmışdı.
Digər tərəfdən, Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək.
Turan Rzayev-siyasi ekspert