Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi ola bilər. Bunu Britaniyanın “The Telegraph” nəşri yazıb.
“İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, - məqalədə qeyd olunub.
Britaniya Müdafiə Komitəsinin üzvləri də B.Consonun NATO-nun Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini dəstəkləyir.
Britaniya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Riçard Dannar isə hesab edir ki, B.Conson istefasını elan etdiyi üçün ətrafında yaranan qalmaqallar siyasətçiyə olan inamı sarsıda bilər. O, B.Consonu şəxsi keyfiyyətlərinə görə NATO-nun Baş katibi kimi görmür, lakin Ukraynaya dəstəyini fantastika kimi qiymətləndirir.
Nəşrin Britaniya Müdafiə Nazirliyindəki mənbəsi isə B.Consonun Alyansın Baş katibi vəzifəsinə təyin olunmasına şübhə ilə yanaşır. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Fransa Prezidenti Emmanuel Makron belə bir təyinata veto qoya bilər: “Reallıq budur ki, NATO rəsmiləri yekdil qərarla təyin olunur. İstənilən ölkə buna veto qoya bilər".
Məlum olduğu kimi, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bu il martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y.Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.
Consonun NATO baş katibi olacağı məsələsi xeyli vaxtdır müzakirə olunur. Hətta bəzi ekspertlərin fikrincə, o, məhz bu səbəbdən istefa verdi. Alyansın dövlət və hökumət başçılarının sammitində bu barədə razılığa gəldiyini iddia edənlər az deyil. NATO- nun sammitindən dərhal sonra Britaniyada siyasi böhranın başlanması və nəticədə Consonun istefa verməsi, həmçinin Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Consonun çiyninə toxunması, liderlər arasındakı səmimi dialoq, habelə keçmiş baş nazirin türk dilində "çok güzel" deməsi bu ehtimalı daha da artırır.
Conson, doğrudan da, bu vəzifəyə layiq siyasətçidir. Onun həm şəxsi keyfiyyətləri, o cümlədən qətiyyəti, həm də indiyədək qazandığı uğurlar NATO baş katibi olmasına imkan verir.
Conson "açıq oynayan" siyasətçidir. Adətən birmənalı xarici siyasər yeridir. Bu mənada keçmiş baş nazirin sözügedən vəzifəyə təyin olunması ciddi dəyişikliklərə səbəb ola bilər. Bir sıra dövlətlər, o cümlədən Türkiyə britaniyalı siyasətçinin Baş katib olmasına, yəqin ki, sevinər. Çünki Ankara ilə London arasında münasibətlər kifayət qədər yaxşıdır. Üstəgəl, Ərdoğanla Consonun da dostluq münasibətləri var.
Buna baxmayaq, Consonu istəməyənlər də kifayət qədərdir. Onlardan başlıcası isə Britaniya nəşrlərinin yazdığı kimi Fransadır. Bu mənada onun sözügedən vəzifəyə seçilməsi çətin olsa da, mümkünsüz deyil.
Əgər Conson NATO- nun baş katibi seçilsə, Rusiyaya qarşı mübarizə daha da güclənəcək.
Kənan Novruzov-siyasi ekspert