Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dələduzların əsas hədəfləri, daha doğrusu, onların qurbanları kimlərdir?

Dələduzların əsas hədəfləri, daha doğrusu, onların qurbanları kimlərdir?


bizim etibarımızdan sui-istifadə etməyə calışan riyakar, saxtakar və dələduz insanlar haqqında bildirim ki, dələduzluğun sosial-psixoloji mahiyyəti iki keyfiyyətə: hiyləgərliyə və yalançılığa əsaslanır. Çünki dələduz (“moşennik”) həmişə oğru və yalançıdır. Dələduz həmişə özünün yüksək yalançılıq qabiliyyətindən sui-istifadə edərək ətrafdakıların inamını qazanmağa nail ola bilir.

Dələduzun davranışında oğurluq və yalançılıq fəaliyyəti bütün insanlar üçün təhqiramiz təsir bağışlayır. Məharətli yalançılıq qabiliyyəti dələduzların xarakterində qeyri-səmimilik, hiyləgərlik, məkrlilik, soyuqqanlılıq, xəyanətkarlıq, namərdlik, şərəfsizlik, həyasızlıq, ləyaqətsizlik, sırtıqlıq, başqalarının hüquqlarını tapdalamaq, yeri gələndə insanlara hədə-qorxu gəlmək və s. kimi mənfi xüsusiyyətlər yaradır. Dələduzlar (“moşennik”lər) öz daxilində yaranan hiyləgərlik və yalançılıqdan doğan (yuxarıda sadalanan) mənfi xüsusiyyətləri ilə çox vaxt özlərini dostluq, qarşılıqlı kömək, xeyirxahlıq, ədalət, mərhəmət və s. kimi bəşəri dəyərlərdən məhrum edirlər. Bu baxımdan öz məkrli planlarını həyata keçirmək üçün fəaliyyətə başlayan dələduzlar öz ətraflarındakı insanlarla səmimi, normal, şəffaf, düzgün və təmannasız münasibət qura bilmirlər.

Mənfi xüsusiyyətlərə malik olan peşəkar dələduzlar üçün ətrafdakılarla həqiqi dostluq əlaqələri qurmaq çox çətin olur. Çünki dələduzun daxilində formalaşmış məkr, hiylə, xəyanət, yüksək eqoizm kimi mənfi duyğular ona ətrafdakılarla səmimi münasibətlər qurmağa imkan vermir. Dələduz öz ətrafında özünəməxsus psixoloji mühit yaratdıqdan sonra hamı ilə hər gün dırnaqarası “mehriban” görüşməsinə baxmayaraq, sanki ətrafdakılardan təcrid olunur. Bu mərhələdə dələduzlar daxili aləmlərində öz qurbanlarına qarşı məxfi planlar qurmaqla məşğul olurlar. Bu səbəbdən onlar bu məqamda öz qurbanlarına qarşı daha amansız və daha təhlükəli olurlar.

Hər hansı adi cinayətkar kimi, dələduz (“moşennik”) da öz xüsusiyyətlərinə görə daha eqoist olur, özlərini başqalarından çox yüksək tuturlar. Bəzən onlar özlərini mötəbər şəxslər kimi aparır, hər dəfə təzə kostyum geyinir, bahalı maşında gəzir, tanınmış vəzifəli şəxslərin adından istifadə edir, bəzi vəzifəli şəxslərlə yaxın qohumluq əlaqələri olduğunu ətrafdakılara bəyan edirlər. Dələduzların bu cür davranışı bəzi adamları çaşdırır, bəzilərini şübhələndirir, bəzilərini isə daha çox cəlb edir.

Qeyd edim ki, peşəkar dələduz müəyyən natiqlik istedadına malik olur, ətrafdakıları məharətlə inandırmağa çalışır və buna nail olur. Dələduz bir çox çətin məsələləri həll etməyə qadir olduğunu ətrafdakılara inandırmaq üçün bəzi tanınmış adamların adından sui-istifadə etməyi də bacarır.

Sosioloji müşahidələr göstərir ki, dələduzlar aldatdıqları, maddi və mənəvi zərər vurduqları insanların əvvəlcə tərcümeyi-halını, psixologiyasını, xarakter və xasiyyətini, onların maraq dairəsini öyrənir. Bundan sonra isə onlar haqqında qurduqları məxfi planları yerinə yetirməyə başlayırlar. Peşəkar dələduzlar düzlük, saflıq, qanunlara hörmət, başqasının əmlakına toxunmamaq hissindən çox uzaqdırlar.

Bəs dələduzların əsas hədəfləri, daha doğrusu, onların qurbanları kimlərdir? Tədqiqatçılar dələduzun (“moşennik”in) aldatdığı adamları (qurbanları) aşağıdakı qruplara bölürlər:

1. Həyatda özlərinin müəyyən sosial məsələlərini asan yolla həll etməyə çalışan və hər şeyə inanan sadəlövh insanlar;
2. Dələduzun bəlağətli, bəzəkli, təmtəraqlı və şirin sözlərinə inanan təmiz qəlbli, mənəvi cəhətdən saf və dürüst insanlar;
3. Zəhmət çəkmədən rahat yolla özlərinə karyera qurmaq istəyən insanlar;
4. Müəyyən vəzifə tutmaq istəyən xəyalpərəst vəzifə düşkünləri;
5. Asan yolla tez bir zamanda varlanmağa meyilli olan tamahkar və müftəxorlar;
6. Yüngülxasiyyətli, avantürist meylli, məcara axtaran, hər şeyə tez inanan və s. bu kimi zəif xarakterli insanlar.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş