Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisiyə zəng edərək Azərbaycanın son günlərdə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı apardığı uğurlu “Qisas” əməliyyatından şikayətlənib. İran Prezidenti isə Cənubi Qafqazda baş verən son hadisələrə toxunaraq, Ayətullah Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə iyul ayının əvvəllərində Tehranda keçirilən görüşü zamanı verdiyi bəyanatı xatırladıb. ildirib ki, İran və Ermənistan “tarixi və dərin əlaqələr”ə malik ölkələrdir, Tehran digər ölkələri bölgədəki vəziyyəti anlamğa və reallıqları qəbul etməyə çağırıb.
Bu, Paşinyanın Rəisiyə son 3 ayda 3-cü telefon zəngidir və Paşinyan artıq Makrona, Putinə zəng etməyin faydasız olduğunu zənn edərək “minillik qapı yoldaşı” olan İran rəhbərinə üz tutur. Çünki bu iki ölkəni eyni siyasi niyyət birləşdirir, bölgədə vəziyyət dəyişir, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra cızdığı yeni siyasi-coğrafi xəritənin konturları hər iki ölkənin maraqlarına, mənafeyinə uyğun deyil. Ona görə də, hər ikisi bölgədəki siyasi coğrafi hüdudların dəyişməsindən narahatdır.
İran nə qədər saxtakarlıq edərək Ermənistanla bağlantı yaradan əraziləri “min illik əlaqə yolu” adlandırsa da, həmin ərazilərin, nəinki Zəngəzurun, bütünlüklə indiki Ermənistan ərazisinin əzəli Azərbaycan torpaqları olması təkzibolunmaz tarixdir. 1920-ci ilə, Sovet işğalına qədər bu bölgədə Ermənistan adlı dövlət olmayıb. Sual yaranır, İran ərazisi və sərhədləri olmayan hayların hansı dövləti ilə “minilik qonşuluq edib?
Həmin minillik Yol ötən əsrin 20-ci illərinə qədər Azərbaycan və qardaş Türkiyəni birləşdirib. Sovetlər imperiyası yaradıldıqdan sonra Azərbaycandan qopardılmış həmin coğrafiyada saxta bir respublikanın qurulması sayəsində Ermənistanla İran arasında kommunikasiya yaradılıb ki, onun da cəmi 80-90 illik tarixi vardır.
Bu baxımdam istər tarixi, istər siyasi, istərsə də mənəvi baxımdan Qərbi Zəngəzurun qapısı olan həmin ərazinin və Yolun sahibi Azərbaycandır. Son proseslər də təsdiqləyir ki, Azərbaycan bu Yolun - Zəngəzur dəhlizinin açılmasında hədəflərinə çox yaxındır. Moskvanın də bu məsələdə mövqeyi Azərbaycanla üst-üstə düşür. Türkiyə Preizdenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında bir neçə gün əvvəl Soçidə keçirilən görüşdə Qarabağ məsələsi də müzakirə mövzusu olmaqla bölgədə kommunikasiyaların açılması diqqətdə saxlanıldı. Rusiya və Türkiyə arasında imzalanmış genişsahəli yeni Bəyannamənin bir neçə bəndi iqtisadi-ticari-nəqliyyat sahəsində uzunmüddətli hədəfləri nəzərdə tutur ki, bu tranzit-nəqliyyat əməkdaşlığının coğrafiyasının genişləndirilməsi ilə bağlıdır. Həmin bəndlər Rusiya və Türkiyə arasında birbaşa quru nəqliyyatının, avtomobil və dəmir yolu bağlantısının təmin edilməsini, yəni Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu tarnzit bağlantısı isə Azərbaycan vasitəsilə mümkündür. Beləliklə, Soçi Bəyannaməsinin ən mühüm bəndi həm də Rusiya-Türkiyə-Azərbaycan birgə nəqliyyat qovşaqlarının yaradılması deməkdir.
Sonda bir məqamı da xatırlatmaqda fayda var, Azərbaycan Prezidenti İlham Əliyevin Nida işarəsi qoyduğu bəyanat hər kəsə aydındır: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Ermənistan bunu istəsə, məsələ daha tez və daha asan həllini tapmış olacaq”.
Ona görə də, Paşimyanın Rəisiyə zəng etməsi, İranın yeni reallıq yaratmaq xülyaları və s. məntiqsiz bəyanatlarından asılı olmayaraq ortada tarixi-siyasi gerçəklik vardır: Regionda Yeni Reallığı Bir Dövlət və Onun Siyasi Lideri İlham Əliyev yaradıb!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki