Artıq 15 ildən çoxdur ki, Mehriban xanım əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydar Aliyev Fonduna uğurla rəhbərlik edir. Eyni zamanda, qeyd edim ki, Mehriban xanım 2017-ci ilin fevral ayından həm də yüksək dövlət vəzifəsi daşıyır, ölkənin ilk Birinci vitse-prezidenti vəzifəsini icra edir.
Mehriban xanım istər Heydər Əliyev Fonduna rəhbərlik etdiyi ötən 15 il ərzində, istər Birinci vitse-prezidentlik dönəmində gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə, Azərbaycanı həm də dünya miqyasında tanıtdırmaqla, layiqincə təmsil etməklə, mərhəmət, şəfqət, xeyirxahlıq mücəssəməsi obrazı yaradıb, həmçinin, əsl, yüksək səviyyəli dövlət xadimi kimi özünü təsdiqləyib.
Böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyan amnistiya aktları və ya on minlərin sevincinə qatılan sevinc
Elə bu yerdəcə xatırlatmaq lazımdır ki, 2005-2017-ci illərdə millət vəkili olarkən Mehriban xanım yüzlərlə, minlərlə, on minlərlə insanın sevincinə sevinc qatan addımlara imza atmışdır. Yəni, Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi 12 illik tarixi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi olmuşdur.
İlk dəfə 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009, 2013 və 2016-cı il illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə təqribən 9000, 2016-cı ildə isə təxminən 10 min nəfər azadlığa buraxılmışdır…
Xeyirxahlıq, rəhm və mərhəmətin ünvanı…
Yeri gəlmişkən, bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən böyük ehtiyac duyduğu məqam, məsələ xeyirxahlıq, rəhm və mərhəmətdir. Hansı ki, dünyanı idarə edənlərdə bəzən və bir çox hallarda bunun əksini görmüşük və görməkdəyik. Amma çox sevindirici və qürurverici bir haldır ki, istər ölkə Prezidenti cənab İlham Əliyevdə, istərsə də, Mehriban xanımda bu keyfiyyətlərin hamısı birləşib, vəhdətləşib, çulğalaşıb. Bu yerdə qeyd edim ki, son yüz illikdə, 20-ci əsrdən üzü bu yana, 21-ci əsrin artıq ikinci on illiyini başa vurmaqda olduğumuz bir ərəfədə isə rəhmə, mərhəmətə, şəfqətə bəlkə də tarixdə, insanlıq, bəşər həyatında olmadığı qədər ehtiyac duyulub və duyulmaqdadır. Çünki 20-ci əsr başlayar-başlamaz dünya tarixində ən qanlı savaşlara, vətəndaş müharibələrinə, milli-azadlıq mübarizələrinə, ideologiyaların, sivilizasiyaların qarşıdurmalarına, aclıqlara, səfalətlərə şahidlik edib və bu gün, 21-ci əsrin özündə də şahidlik etməkdədir.
Dünyada müharibələr, savaşlar, qarşıdurmalar insan qanının axıdılması, minlərin, on minlərin, yüz minlərin, milyonların məhvi, əsir, itkin düşməsi, mənəvi-maddi-fiziki işgəncələrə məruz qalması, aclıq, yoxsulluq, səfalət içində yaşaması deməkdir. Bunun üçün çox da uzağa getmək lazım deyil. Haqsız və ədalətsiz yerə məruz qaldığımız, zorla cəlb olunduğumuz Qarabağ münaqişəsi bunu bütün çılpaqlığı ilə ortaya qoyur. Bu illər ərzində minlərlə, on minlərlə insanımızı itirmişik, minlərlə, on minlərlə Şəhidimiz var, minlərlə yaralımız, əlilimiz var, hələ də haqlarında heç bir məlumat olmayan, öldü-qaldısı bilinməyən əsir və girovlarımız var .
Odur ki, bütün bunlar – yaşananlar və yaşadılanlar dünyada, insanlıq tarixində belə demək mümkünsə, mərhəmətə, rəhmə, şəfqətə olan tələbatı, ehtiyacı ikiqat, üçqat, beşqat artırmışdır. Bu gün dünyanın, insanlığın ehtiyacı məhz Rəhm, Mərhəmət və Şəfqətdir. Bu ali dəyərləri öz üzərinə götürən, öz çiyinlərində daşımağa qərar verən insanlar, qurumlar da az deyil. Onlardan bu missiyanı şərəflə yerinə yetirənləri, bu və ya digər səbəblərdən yarıyolda qalanları, axsayanları da var. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondu da məhz bu yüksək ali dəyərləri özündə ehtiva edərək, şərəfli bir missiyanın daşıyıcısına çevrilmişdir. Daha konkret ifadə etmiş olsaq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürülüb. Bu baxımdan, cəmiyyətin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradılıb. Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.
Yarandığı dövrdən indiyədək fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanmışdır. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompüter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir.
Güloğlan Cabbarlı-Dünya çempionu, hüquqşünas