21 fevral 2022-ci ildə baş nazir "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat versin. Sərəncamdan 5 ay ötdü.
Buyursun, Nazirlər Kabineti istehlakçılara hesabat versin ki, hansı anti-inflyasiya tədbirləri həyata keçirilib və onun nəticələri nələrdən ibarətdir? Bu müddət ərzində inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə İqtisadiyyat Nazirliyi, inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Mərkəzi Bank və Maliyyə Nazirliyi nələr edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə hansı effektiv sosial müdafiə tədbirləri həyata keçirib?
Onlardan cavab olacağına inanmıram, çünki, əksinə inflyasiya sonuncudan başqa adları çəkilən nazirliklərin hər birinin işinə yarayır. Belə ki, qiymətlərin bahalaşması hesabına öncə Paşa Holdinqin və bazarda hökram mövqedə olan digər şirkətlərin qazancı artır, ƏDV, aksizlərdən daxilolmalar çoxalır, büdcədə qeyri-neft gəlirləri adı ilə ödənişlər yüksəlir, buna görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi inflyasiyadan xoşhaldırlar. İqtisadiyyat Nazirliyi özəl bölmənin təşviqi adı ilə biznesi vergilərdən azad edir, bundan da özəl bölməyə nəzarət edən hakim ailədən tutmuş məmurlara qədər hər kəs bəhrələnir, onlar vergi vermirlər, əhali qrupundan olan istehlakçılar ərzaq, dərman, benzin və sair mallar alanda, eləcə də kommunal, rabitə və nəqliyyat xidmətlərinə görə ödənişlər edəndə büdcəyə ödənişlər edirlər, büdcənin yırtıqlarını da hər zaman olduğu kimi yenə də neft gəlirləri ilə doldururlar. Belə olanda da inflyasiya hər yuxarıdakılara sərf edir, aşağıdakılar da borcla olsa vəziyyətdən çıxmağa çalışırlar.
Baxmayaraq ki, dünyanın inkişaf etmiş ölkələrində inflyasiya səviyyəsi Azərbaycanda aşağı, gəlirlər isə bizdən qat-qat yuxarıdır, amma onlar əhalinin xərclərini azaltmaq istiqamətində əməli addımlar atırlar, ona görə ki həmin ölkələri idarəedənlər seçimlərdə uduzmaqdan qorxurlar, çünk onlarda istehlakçı cəmiyyəti mövcuddur. Belə ki, bu günlərdə ABŞ prezidenti Co Bayden səhiyyə, iqlim və vergi qanununu imzalayıb. İnflyasiyanın Azaldılması Aktı bir ildən çox davam edən müzakirələr nəticəsində mümkün olub. Bu Akta atmosferi az çirkləndirən enerji alternativlərinin dəstəklənməsi ilə yanaşı reseptlə satılan dərmanlarının qiymətinin aşağı salınması, korporasiya və zənginlər üçün vergilərin artırılması daxildir. Bu qanun qüvvəyə minəndən sonra 13 milyon nəfər tibb sığorta üçün adambaşına orta hesabla 800 dollara qənaət edə biləcək.
Böyük Britaniyada, AB ölkələrində də hazırda bu istiqamətdə müzakirələr gedir, hər bir ölkə vətəndaşlarını inflyasiyadan qorumağa çalışır, biz isə əksini edirik, inflyasinı qoruyuruq ki, istehlakçıların xərcləri daha da artsın ki, bundan büdcə və şirkətlər qazansın.
Qubad İbadoğlu-iqtisadçı