Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərindən sonra onun Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməsi ehtimalı gündəmə gəlib. Dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar da bu barədə danışdı. O, bildirdi ki, fürsət yaranarsa, Ankara belə bir görüşə ev sahibliyi etməkdən məmnun olar.
İndiyədək Türkiyədə nümayəndə heyətləri arasında bir neçə dəfə görüş olub. Ərdoğan nəzəri baxımından Putinlə Zelenskini də bir araya gətirə bilər. Yəqin ki, dövlət başçıları ən azından diplomatik etika naminə bu təklifi qəbul edərlər. Ukrayna lideri israrlıdır. O deyir ki, Rusiya tutduğu torpaqdan çıxmayanadək danışıqlar masası arxasına oturmayacaq. "Xüsusi hərbi əməliyyat"la bağlı Moskvadan verilən açıqlamalar isə son vaxtlar səngiyib. Görünür, Kiyev strateji üstünlüyü ələ alır. Bu isə ABŞ- ın dəstəyi ilə əlaqələndirilməlidir. Vaşinqton Kiyevə hərbi yardım etməklə əslində onu həm də özündən asılı vəziyyətə salır. Ola bilsin, Zelenski müharibəni dayandırmaq barədə düşünüb və düşünür. Amma ABŞ və müttəfiqlərinin silah təminatını dayandırmaqla bağlı hədələri Ukraynaya mane olur.
Bu mənada Qərb hər nə qədər Ukraynanın məğlubiyyətinin, parçalanmasının qarşısını alırsa, bir o qədər də prosesləri mürəkkəbləşdirir.
Bəlkə də, yaxın vaxtlarda Türkiyədə Rusiya və Ukrayna prezidentləri arasında üçtərəfli görüş keçirilə bilər. Amma bunun effektiv olacağına inanmıram. Ankara Vaşinqtonun proseslərə müdaxilə imkanını minimallaşdırmalı, Kiyevin Ağ evdən asılılığını ən azından azaltmalıdır. Ancaq Türkiyə indiki məqamda Ukraynaya hərbi dəstək göstərə bilməz. Bu, Rusiya ilə münasibətlərdə çat yaradar və Ankaranın vasitəçilik missiyasını fiaskoya uğradar. Yəni əslində Ankara da başa düşür ki, Ukraynanın gələcəyi naminə ABŞ - ın dəstəyinə ehtiyac var.
Ukrayna və Rusiya tərəfləri arasında görüş daha konstruktiv və dialoqa açıq mühitin yaranmasını təmin edə bilər. Amma bunun davamının gəlməsi üçün Ankara həm də Vaşinqtonla müzakirələr aparmalıdır.
Kənan Novruzov-siyasi ekspert