Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir


1992-ci ildə Laçın şəhəri işğal olunduqdan sonra ermənilər misli görülməmiş talanlar, vəhşiliklər törətdilər. Hətta 30 illik işğal dövründə də vandallıqlarını davam etdirirlər.

Ermənistan tərəfindən 1992-ci il mayın 18-də Laçın rayonunun işğalı nəticəsində 267 nəfər şəhid oldu, 65 nəfər itkin düşdü, 77 min 518 sakin respublikamızın müxtəlif bölgələrində məcburi köçkünə çevrildi.

Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Laçın­dan 5 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.

Düşmən işğal dövründə rayonu tamamilə dağıtdı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri talan və məhv edildi. Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qaldı. O cümlədən, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux yaşayış sahəsində qədim qəbiristanlıq viran edildi, Laçın Tarix Muzeyindəki qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiya oğurlandı.

Beynəlxalq humanitar hüququ, o cümlədən, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da qeyri-qanuni fəaliyyət göstərdi, coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını taladı, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirdi, burada məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin demoqrafik tərkibini dəyişdirdi.

Təəssüf ki, Ermənistan uzun illər Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının heç zaman onun güddüyü siyasi nəticələri verməyəcəyini, status-kvonun dayanıqlı olmayacağını və qəbuledilməzliyini dərk etmədi. Halbuki düşmən anlamalı idi ki, bölgənin, eləcə də özünün demokratik, sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, ilk növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunmasından, işğal amilinin aradan qaldırılmasından, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Qarabağ və ətraf bölgələrdəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmaları iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yarada bilər.

Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq aləmin bu məsələyə laqeyd münasibətindən yararlanıb işğal siyasətini davam etdirdi, yeni ərazilər ələ keçirmək üçün təxribatlar törətdi. Nəhayət, 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusu düşmənin növbəti hücumuna əks-həmlə əməliyyatları ilə cavab verdi və bununla da başlayan, 44 gün davam edən Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri və bir sıra mühüm strateji mövqelər də düşməndən təmizləndi.

Azərbaycan Prezidenti müraciətlərindən birində Laçının tapdaq altında olduğu dövrdə ermənilərin özlərini burada, necə deyərlər, əsrlər boyu yaşamış xalq kimi təqdim etmələrindən danışarkən qeyd edirdi: “Halbuki əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoy­mayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər…”.

Dövlətimizin başçısının dediyi kimi, işğalçı tərəfindən həmin ərazilərimizdə, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında on minlərlə hektarda taxıl əkilib, ildə 90 min ton taxıl yığılıb:

"Ermənistanın bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısı Azərbaycan ərazilərindən götürülüb. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Şübhəsiz ki, bu talançılığa cavab veriləcək, dəyən ziyan ödəniləcək. Yaxud, düşmən illərlə yaradılan üzüm bağlarını dağıdıb, yerində köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Çünki həmin bağlardan istifadə edilib. Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Laçında genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Güloğlan Cabbarlı-Dünya çempionu, hüquqşünas
Xəbəri paylaş