Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh sazişinin dördüncü addımı-VAQİF ABDULLAYEV YAZIR

Sülh sazişinin dördüncü addımı-VAQİF ABDULLAYEV YAZIR


Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş növbəti dəfə Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər.

Çox faydalı siyasi dialoq mühitində və dinamik atmosferada keçirilən sayca dördüncü görüş əvvəlki danışıqlarda əldə edilmiş razılaşmaların daha da irəliyə daşınması baxımından mühüm əhəmiyyət kəsb edir.

İlk növbədə qeyd etmək lazımdır ki, Aİ-nin masasına çıxarılmış gündəlik Azərbaycanın təkidlə beynəlxalq birlik qarşısında irəli sürdüyü prinsiplərdən kənara çıxmır, müzakirələr rəsmi Bakının irəli sürdüyü praktik məsələlər ətrafında aparılır.

Bu baxımdan Aprel sülh sazişi mətninin üzərində daha da təkmilləşdirilmiş işlərin aparılması və 1 ay müddətində işçi qruplarının yaradılması Azərbaycanın uzunmüddətli və davamlı sülh istiqamətində təşəbbüskarlıq missiyası xəttinə tam uyğundur.

Tərəflər arasında praqmatik danışıqların birbaşa əsas məzmunu Azərbaycan və Ermənistan arasındakı dövlətlərarası münasibətlərin nizamlanmasını nəzərdə tutur ki, bu da sərhədlərin delimitasiyasına dair əvvəlki danışıqların hərarətinin artması və nəticə əsaslı yekun sənədin hazırlanmasını labüdləşdirir.

İşçi qruplar üzərinə düşən vəzifələri vaxt itirmədən yerinə yetirəcəyi halda Sərhəd Komissiyasının noyabrda nəzərdə tutulan növbəti iclasda delimatisaiya sazişinin masaya çıxarılması da mümkünləşə bilər.

Həmçinin, humanitar əməkdaşlıq üçün fayda verən məsələlər də ümumi sülh platformasında prioritetlərdən biridir.

Nəqliyyat xətlərinin açılması ilə əlaqədar əldə olunmuş müsbət məqamlar da onu deməyə əsas verir ki, artıq Zəngəzur dəhlizinin açılması istiqamətində Yolun sonuna gəlinməkdədir və yaxın aylarda dəmir reyslər üzərində hərəkət təmin olunacaq.

Müzakirələrdə və bəyanatlarda Dağlıq Qarabağ ifadəsinə bir daha yer verilməməsi Cənab İlham Əliyevin münaqişənin artıq tarixdə qaldığına dair Nida işarəsi qoyulduğunu təsdqiləyir. Çünki Qarabağ problemi həll olunub və bölgədə yaşayan ermənilərin yaşayış və ictimai-siyasi hüquqları müzakirə mövzusudur. Bu hüquqlar isə sözsüz ki, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn tələblərə söykənir.

Bütün bu geosiyasi vəziyyətə baxış fonunda Avropa İttifaqı Şurasının dəstəyini də yüksək dəyərləndirmək lazımdır. Avropa İttifaqının bölgədə sabitlik və sülh, əməkdaşlıq yönündə qətiyyətli siyasəti bütün mənalarda Azərbaycanın mənafeyinə və prinsiplərinə tam uyğundur.

Beləliklə, Azərbaycan və Avropa İttifaqı Şurasının prinsipial olaraq eyni mənafeyə xidmət edən birgə baxışları bölgədə əməkdaşlıq mühiti formatının alternativsiz yeganə yol olduğunu nümayiş etdirir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş