Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tuturlar. Bu barədə dünən Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.
Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Adətən Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyəli görüşdən sonra belə hallar baş verir. Bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Belçikanın paytaxtı Brüsseldə görüşəndən sonra da təxribatlar baş vermişdi. Bu cür provokasiyalar Ermənistanın regionla bağlı konstruktiv siyasətini sual altında qoyur. Çünki rəsmi İrəvan danışıqlar masası arxasına oturmasına baxmayaraq, digər tərəfdən sabotajları davam etdirir. Elə isə bu ziddiyət nə ilə bağlıdır? Səbəb aydındır: Ermənistan Qərblə Rusiyanın arasında qalıb. Kremlin və Aİ- nin tələbləri fərqlidir. İrəvan isə onların hər ikisini razı salmağa çalışır.
Aİ- nin vasitəçiliyini təqdirəlayiq hesab etmək olar. Ən azından ona görə ki, otuz il Minsk Qrupunun, o cümlədən Rusiyanın nail ola bilmədiklərini Aİ qısa müddətdə bacarıb. Əlbəttə, bu, Kremli qıcıqlandırmaya bilməz. Çünki Moskva heç bir halda regionda "suların durulması" nı istəmir. Bu mənada sərhədin müxtəlif istiqamətlərində baş verən təxribatları Rusiya ilə əlaqələndirə bilərik. İstisna deyil ki, şimal qonşumuz Ermənistandakı əlaltıları vasitəsilə provokasiyalar törədir. Məqsəd Azərbaycanla Ermənistan arasında etimad mühitinə zərbə vurmaqdır. Rəsmi İrəvan indiki məqamda iradə göstərməlidir. Ermənistan hərbi-siyasi hakimiyyəti hansı yolla olursa- olsun sabotajların qarşısını almağa çalışmalıdır. Çünki belə hallar, doğrudan da, sülh prosesinə mane olur və növbəti anti-terror əməliyyatına zəmin yaradır. İrəvanın Moskvadan tamamilə üz çevirmək üçün lazımi gücü olmadığı məlumdur. Buna baxmayaraq, Ermənistan Rusiyadan asılılığı mümkün qədər azaltmalıdır. Bunu isə ancaq Qərb və Türkiyə ilə yaxınlaşmaqla bacara bilər.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Çox güman, həmin görüşdə sərhəddəki və Qarabağdakı durum bir daha müzakirə olunacaq. Kreml bütün imkanları ilə İrəvana təzyiqləri artırmağa çalışacaq. Paşinyandan isə iradə tələb olunur.
Kənan Novruzov-siyasi ekspert